Azər Həsrət: “Başlıq mütləq yazının məzmununa uyğun olmalıdır. Eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır”
Yazı başlıqları medianın ən qüsurlu yeridir
Seymur Verdizadə: “Bəzi redaktorlar hələ də anlamırlar ki, kəmiyyət heç vaxt keyfiyyətin ölçüsü sayıla bilməz”
Azər Həsrət: “Başlıq mütləq yazının məzmununa uyğun olmalıdır. Eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır”
Azər Həsrət: “Başlıq mütləq yazının məzmununa uyğun olmalıdır. Eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır”
Elçin Bayramlı: "Saytlarda başlıqların böyük əksəriyyəti şişirdilmiş, yalan, aldadıcı xarakterli olur ki, bu da oxucuların itirilməsinə səbəb olur”
Dilqəm Əhməd: "Təəssüf ki, bizdə əsasən peşəkar olmayan, İP dərdi olan media nümayəndələri xəbərlə əlaqəsi olmayan başlıqlar çıxarırlar”
(Əvvəli ötən sayda)
Azərbaycanda xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur.
Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Ekspertlər də hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının sərlövhə qoymasını "xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni, əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, ona uyğun yazı yazanlar da. Media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Lakin yazını oxutdurmaq naminə mövzuya məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Şit və məzmuna yad başlıqlar yazını gözdən salır, aldadıcı başlıqlar isə oxucu itkisinə səbəb olur. Redaktorların fikrincə, hər yazının içində onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq olur. Əgər yoxdursa, deməli, yazı "iki qəpiklik”dir.
Məsələ ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, başlıq yazının məzmununa uyğun olmalıdır. Amma çox vaxt bunun əksinin şahidi oluruq:
"Başlığa baxırsan, məqaləni oxuyanda görürsən ki, ortada uyğunsuzluq var. Çox vaxt mətn sərlövhəni tamamlamır. Səbəb sadədir. Redaktorlar hazırladıqları materialın diqqət cəlb etməsi, yəni daha çox oxunması üçün bu üsula əl atırlar. Bilirsiniz, nəticədə nə baş verir? Yazı qalır bir kənarda, ancaq başlıqlar oxunur. Saytlar arasındakı rəqabət media mühitində dözülməz vəziyyət yaradıb. Digər saytları qabaqlamaq ehtirası peşəkarlığı arxa plana keçirib. İP uğrunda mübarizə bütün çılğınlığı ilə davam edir. Bəzi redaktorlar hələ də anlamırlar ki, kəmiyyət heç vaxt keyfiyyətin ölçüsü sayıla bilməz”. Araşdırmaçı-jurnalist bildirib ki, ötən əsrin 90-cı illərində, xüsusilə, 1998-2001-ci illərdə "sarı mətbuat” tüğyan etməyə başladı: "O vaxt siyasi qəzetlər 12-15 min tirajla çıxdığı halda əxlaqsızlığı təbliğ edən bu "qəzetciklərin” 35-40 min tirajı var idi. Ancaq tiraj üçqat artıq olsa da, həmin qəzetlərin ictimai fikrə təsir imkanları sıfıra bərabər idi. Buna görə də heç kim özünə əziyyət verib, tiraj naminə media mühitimizi zibilləməsin. Özünə hörmət edən KİV-lər daha ciddi sərlövhələr seçməlidirlər. Tiraj naminə oxucunun arxasınca sürünmək heç bir KİV-ə başucalığı gətirmir. Bizim vəzifəmiz oxucunun zövqünü formalaşdırmaqdır. Əgər bütün KİV-lər vahid mövqedən çıxış etsə, bir müddət sonra oxucular qeyri-ciddi sərlövhələrin arxasınca qaçmayacaqlar. Təəsüflə qeyd etmək istəyirəm ki, bəzi köşə yazarlarımız da "başlıq siyasəti”nin əsirinə çevriliblər. Son vaxtlar köşə yazılarında "sinə”, "döş”, "bud”, "baldır” kimi ifadələrə tez-tez rast gəlirik. Bu cür ucuz yola əl atmaq yazar üçün intihara bərabərdir. Əsl köşə yazarının öz auditoriyası olmalıdır və həmin auditoriya məqalənin başlığı olmasa belə, öz sevimli yazarını oxumalıdır”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də vurğulayıb ki, başlıq onun da yaralı yeridir: "Şəxsən özüm qısa və anlamlı, özəlliklə də mətnə uyğun başlıq seçirəm. Amma bizim mediada ümumilikdə bu sahədə problem var.
"Şok” kimi sözlərdən istifadə edilir, bəzən də başlıqla yazının məzmunu üst-üstə düşmür. Təbii ki, bu da peşəkarlıqla bağlı məsələdir. Mən özüm başlıqda "şok” sözü olan heç bir yazını oxumuram, prinsipim belədir. Yaxud da başlığın olmayan yerdə sensasiya yaratmaq cəhdini dərk etdiyim zaman yazını oxumuram. Mənə xəbərin məğzini özündə bir neçə sözlə (bəzən də bir sözlə) ehtiva edən başlıq cəlbedici və ciddi görünür. Üsula gəlincə, əlbəttə ki, başlıqla bağlı tələblər var. Amma o tələbləri hər kəsin düzgün idrak etməsi çox zaman alınmır. Başlıq mütləq yazının məzmununa uyğun olmalıdır. Eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır. Həm görüntü olaraq, həm də məzmun olaraq başlıq göz oxşamalı, cəlbedici görünməlidir”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı də bildirib ki, xəbərin, müsahibənin, məqalənin və reportajın başlığı, sərlövhəsi son dərəcə vacib amildir:
"Başlıq materialın təqdimatıdır və onun oxunmasında, diqqət cəlb etməsində azı 50 faiz paya malikdir. Məhz ona görə də inkişaf etmiş ölkələrin - misal üçün, Fransa, Rusiya, Almaniya, Amerika və s. dövlətlərin mətbuatında sırf başlıq redaktoru vəzifəsi olur və bu işi yaşlı, təcrübəli, peşəkar jurnalist aparır. Bizim mətbuatda belə nümunə yoxdur və ona görə də bu sahədə vəziyyət acınacaqlıdır. Müasir mediada, konkret desək, internet mediada başlıq oxunmanın 90 faizi deməkdir. Buna görə də bizim jurnalistlər, redaktorlar başlıqları kontekstdən çıxarmaq, şişirtmək, aldadıcı formada qoymaqla məşğuldur. Nüfuzlu agentliklərdə belə deyil, lakin saytlar barədə bunu demək olmaz. Hazırda saytlarda başlıqların böyük əksəriyyəti şişirdilmiş, yalan, aldadıcı xarakterli olur ki, bu da oxucuların itirilməsinə səbəb olur. Bir neçə dəfə aldanan oxucu bir də həmin sayta girməyəcək, onun xəbər linkini açmayacaq”.
Redaktor deyib ki, digər bir problem rəsmi qəzetlərdə 30-40 sözdən ibarət başlıqların qoyulmasıdır: "Mən bir dəfə rəsmi qəzetlərin birində səhifənin az qala yarısını tutan başlıq görmüşəm. Bu, qeyri-peşəkarlıqdır və yolverilməzdir. Oxucu, İP uğrunda mübarizə sayt redaktorlarını müxtəlif fəndlər tapmağa vadar edir. Gah başlığın yarısını kəsir üç nöqtə qoyurlar, gah ikimənalı başlıq qoyurlar, gah da Venesuelada baş vermiş hadisənin xəbər başlığını elə qoyurlar ki, sanki Azərbaycanda baş verib. Ya da dəxli olmayan təqdimatlar verirlər.
Məsələn, "filan qadın elə bir şey etdi ki...” Zənn edirsən ki, qadın cinayət, ya da əxlaqsızlıq edib, halbuki söhbət hansısa müğənninin özünə don tikməsindən gedir. Bəs nə etməli, başlığı necə seçməli? Təbii ki, bununla bağlı hansısa tələb, qayda, qanun yoxdur. Lakin insani normalar, dil qaydaları və peşə etikası var. Başlıq materialın bütün məğzini özündə birləşdirməli deyil, əks halda heç kim mətni oxumaz. Elə seçilməlidir ki, oxucu bunun nəyə aid olduğunu bilsin. Amma xırdalıqları mətndə axtarsın. Misal üçün, idman xəbəri ilə siyasi xəbər başlıqdan fərqlənməlidir. Başlıqda sual qala bilər, amma belə yox - "Filankəsi kim öldürdü?” Sən oxucuya kimin öldürdüyünü deməlisən, oxucudan soruşmalı deyilsən. Üstəlik, çox vaxt mətndə aydın olmur ki, kimsə öldürüb, deyilir ki, araşdırma gedir”.
E.Bayramlının sözlərinə görə, başlıq elə seçilməlidir ki, oxucuda maraq yaransın:
"Oxucu mətni açıb oxuyandan sonra aldandığını düşünməməlidir. Əks halda xeyli oxucunu itirmiş olursan. Müsahibədə sitat vermək olar, amma kontekstdən çıxartmadan, kritik yerdə üç nöqtə qoymadan. Reportajda isə ən əsas faktı başlıq qoymaq olar. Məqalələrdə düşündürücü başlıq qoyulsa yaxşıdır. Yaxşı olar ki, çox qısa və uzun olmasın. Məncə, 3 sözdən az, 10 sözdən çox olmayan başlıqlar normaldır. Köşə yazılarında 1-2 söz də olar, əgər müsahibədən çıxarılan sitat çox maraqlıdırsa, o halda 10-dan çox söz ola bilər. Fikrimcə, dediklərimdən ən əsası yalançı başlıqların qoyulması ilə bağlıdır, qalanları çox da ciddi problem deyil. Oxucunu aldatmaq olmaz, bu, bütün mətbuatımıza zərər vurur. Bu hallara qarşı jurnalistlər mübarizə aparmalı, onları ciddi tənqid və rüsvay etməlidirlər. Əks halda olan-qalan oxucu da tezliklə itiriləcək”.
Araşdırmaçı-jurnalist Dilqəm Əhməd də söyləyib ki, onlayn mediada başlıqlar qısa olmalı və oxucunu oxumağa yönləndirməlidir:
"Başlıq məsələsi redaktorun peşəkarlığından asılıdır. Təəssüf ki, bizdə əsasən peşəkar olmayan, İP dərdi olan media nümayəndələri xəbərlə əlaqəsi olmayan başlıqlar çıxarırlar. Xüsusən, şou xəbəridirsə, hətta seksual fantaziyalarını da başlığa qoyurlar. Digər bir problem isə hansısa faciəli hadisənin baş verdiyi ölkəni qeyd etmədən başlığa çıxarılmasıdır. Oxucu ani şəkildə həyəcanlanır, fəlakətin Azərbaycanda olduğunu düşünür. İçərisini oxuyanda isə məlum olur ki, hadisə Laosda olub. Bu, oxucunu və özünü aldatmaqdır. Bir ay bu yolla IP yığmaq olar, bəs sonra? Ciddi oxucu bir daha o saytı tıklamayacaq. Yəni bu məsələ sayt rəhbərinin səviyyəsindən, redaktorun peşəkarlığı, jurnalistikaya verdiyi dəyərlə bağlıdır. Başlıq cəlbedici, oxunan olmalıdır. Amma əsla aldadıcı, yalan və gülünc olmamalıdır”. Jurnalist bildirib ki, başlığı xəbər müəllifi qoymalıdır: "Köşə yazısında redaktor daha oxunaqlı bildiyi başlığı qoymaq səlahiyyətinə malikdir. Başlığını isə müəlliflə razılaşdırıb dəyişməlidir”.
(Davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb