Yazı yazıldısa, yerində qalmalıdır
Media əhli saytlarda çap olunan yazının bir neçə saat sonra bilərəkdən silinməsini tənqid edir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət saytların hər hansı hadisə, şəxs və ya obyektlə bağlı dərc etdikləri yazılarının bu və ya digər səbəblərdən qısa müddətdən sonra silinməsinə etirazını bildirib. Bu halın intensiv xarakter aldığını vurğulayan həmkarımızın sözlərinə görə, qəzet kimi saytlar da dərc etdikləri materialları özündə saxlamalıdır. Ekspertə görə, əgər həmin xəbər səhv və ya böhtan xarakterlidirsə, onda KİV-in prinsiplərinə uyğun olaraq, yazı ilə bağlı təkzib verməli və ya üzrxahlıq etməlidir. Çünki yazının tamamilə silinməsi media əxlaqına zidd olmaqla yanaşı, oxuculara qarşı da hörmətsizlikdir:
"Yazıların hansısa səbəblərdən saytlardan silinməsi düzgün addım deyil. İndi kimsə iddia edə bilər ki, əgər bir yazı başdan-ayağa yalanla doludursa və onun olduğu yerdə qalması kimlərəsə zərər vurursa, silinməlidir. Razılaşmaq olar. Lakin bir məqamı da unutmamaq şərtilə. Qəzetlərdə dərc edilən yazıları istəsək belə yox edə bilməzdik, dərc edildisə, artıq bitdi. Yalnız növbəti sayların birində üzr istəmək, təkzib vermək imkanı qalırdı. Yəni ilkin yazını silmək, yox etmək mümkün deyildi. Məntiqlə, elə bu yanaşmanın özü də ən doğrusudur. Yazı yazıldısa, yerində qalmalıdır. Əgər yanlışdırsa, yalan və böhtandırsa, jurnalistika bundan çıxış yolunu illər öncə kəşf edib axı - təkzib ver, üzrxahlıq tələb et. Bu da yetərli deyilsə, məhkəməyə müraciət et, cəza versinlər, media orqanı-jurnalist cəzanı çəksin”. Ekspert bildirib ki, günümüzdə saytlarla bağlı bu cür problem ortaya çıxanda məhkəməsiz-filansız, "görüm-baxımla” həll edirlər: "Tənqid olunan subyekt öz kanallarını işə salır və yazı bir anda yoxa çıxır. Bəs oxucuya hörmət harada qaldı? Hələ burada "reket” adlandırdığımız saytların bu haldan sui-istifadəsi də baş alıb gedir. Bilirlər ki, hansısa icra başçısını, məmuru tənqid edən yazı yayımlasalar, həmin şəxs başını ağrıtmamaq üçün "hörmət” etməyə hazır olacaq. Ona görə də bu "reket”lər daimi olaraq belə üsulla "jurnalist” fəaliyyəti göstərirlər, jurnalistika prinsiplərini ayaqlar altına atırlar”. A.Həsrət vəziyyətdən çıxış yolunu bu cür dəyərləndirib: "Bu məsələ aylardır ki, Mətbuat Şurasında müzakirə edilir. "Reket” saytlarla necə mübarizə aparmalı, artan sui-istifadənin qarşısını necə almalı və s. Şəxsən təklifim bundan ibarətdir ki, yayımlanmış yazılar, görüntülü və səsli materiallar heç bir halda saytlardan silinə bilməz! Çıxış yolu odur ki, həmin materiallar barəsində Mətbuat Şurasının, ehtiyac olduqda isə məhkəmənin qərarı o materiallarla eyni səhifədə, həm də onların üstündə dərc edilsin. Yəni istifadəçi dünən gördüyü materialı sonradan təkrar oxumaq istərsə, boş səhifə ilə rastlaşmasın. Əksinə, həm o materialı görsün, həm də onun bir yalan-böhtan məhsulu olduğunu öyrənsin”. Tanınmış jurnalist deyib ki, istisna hal kimi bəzi materialların silinməsinə yol vermək olar: "Misal üçün, konkret şəxslə bağlı materialın təkzib və ya üzrxahlıqla birlikdə saytda qalması onun nüfuzuna xələl gətirməyə davam edirsə, bu zaman material silinə bilər. Amma yerində təkzibin, üzrxahlığın, məhkəmə qərarının dərc edilməsi şərtilə. Belə olacağı halda saytların sahibləri yazdıqlarında, paylaşdıqlarında daha məsuliyyətli davranmağa məcbur qalacaqlar. Çünki yazdıqlarını poza bilməyəcəklərini anladıqları üçün "barıtı az etməli” olacaqlar. Bu isə medianın normal və etik platformaya dönməsinə yardımçı ola bilər. Ümumi olaraq, fikrimi belə ifadə etmək istərdim. Qəzetlərdə olduğu kimi, saytlarda da dərc edilmiş materialların silinməsi imkansız hala gətirilərsə, məsuliyyət artar, daha ciddi jurnalistika inkişaf edər”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, "KİV haqqında” qanunda təkzibin müxtəlif formaları, qaydaları var. Ekspertin sözlərinə görə, məsələyə normal KİV standartları ilə yanaşsaq, yanlış dərc olunan informasiyalara görə təkzib verilməlidir: "İstər ənənəvi media quruluşları sayılan televiziya, radio, qəzet və jurnallar, istərsə də yeni media hesab olunan onlayn mətbuat orqanlarının yaydıqları yanlış informasiyalara görə təkzib verməsi normal və zəruridir. Ancaq məsələ ondadır ki, indi özünü onlayn media elan edən qurumlarda bu hal çox intensiv xarakter alıb. Müəyyən texniki səhvlərdən irəli gələn informasiya yanlışlığının aradan qaldırılmasında problem yoxdur. Verilmiş informasiyanın tamamında deyil, hansısa detalında səhv edildiyi üçün sonradan təkzib verilməsi anlaşılandır. Amma bu iş daimi fəaliyyətə çevrilməməlidir. Onlayn medianın yol verdiyi yanlışlıqlar xarakterik olaraq iki cəhəti meydana çıxarır. Birincisi odur ki, saytlar nəinki verilmiş informasiyada hansısa məqamlarda xətalara yol verirlər, ümumiyyətlə, informasiyanı başdan-ayağa yalan yazırlar. Artıq bu məsələdə təkzibə də yer olmur. Çünki təkzib mövzuda bir-iki faktın səhv dərc edilməsi üçün nəzərdə tutulur. Heç bir mənbəyə əsaslanmayan uydurma yazı üçün təkzibin verilməsi düzgün alınmadığına görə, həmin materialı birdəfəlik saytdan götürməyə məcbur olurlar. İkinci məqam isə məsələnin intensiv xarakter almasıdır. Buna yol vermək olmaz. Jurnalistin vəzifəsi informasiyanı hazırlayarkən onun ətrafında araşdırma aparmaqdır. Araşdırma aparıldıqdan sonra xəbər sayta qoyula bilər. Amma bizim onlayn media quruluşları xəbəri, faktı ciddi araşdırmırlar. Qarşılarına necə çıxdısa, nə eşitdilərsə, o cür də ictimailəşdirirlər. Təbii ki, bunun axırı da informasiyaların tez-tez saytlardan çıxarılması ilə nəticələnir”. M.Ələsgərli Mətbuat Şurasında bu məsələ ilə məşğul olduqlarını deyib: "Bilirsiz, informasiyaların çıxarılması təkcə yanlışlığa yol verilməsi ilə bağlı deyil. Bizim "qara siyahı”ya düşən xəbər "istehsalçıları” maraqlı bir metoddan istifadə edirlər. Deməli, hansısa obyekt haqqında şər, böhtan, heç bir əsası olmayan informasiya verməklə həmin qurumun rəhbərliyinə bir işarə verirlər ki, "əgər sən bizimlə razılaşmasan, bu cür məlumatların sayını artıracağıq”. Təbii ki, xəbər hazırlayan media orqanlarının özləri də bilirlər ki, o xəbər yalandır. Onların niyyəti qaradır, kimlərisə şantaj edərək, təhdid edərək pul qopartmağa çalışırlar. O cür mətbu quruluşların məqsədi cəmiyyəti maarifləndirmək, insanların problemini qabartmaq deyil. Əgər qarşı tərəf "reketlərin” maraqlarını ödəyirsə, onda böhtan dolu yazı saytdan dərhal silinir və bir daha o məsələyə qayıdılmır. Artıq bundan bir metod kimi istifadə edirlər. Əlbəttə, bu, yolverilməz haldır, mümkün qədər tez zamanda qarşısı alınmalıdır. Bu cür neqativ hallara qarşı ciddi şəkildə mübarizə aparmaq lazımdır. Mübarizə deyəndə ictimai qınağı nəzərdə tuturam. Çox təəssüf ki, bu cür saytların, redaksiyaların, "yazarların” minlərlə oxucusu olur. Hesab edirəm ki, oxucular ağı-qaradan seçməyi bacarmalı, yalan informasiya verən, onları tez-tez dəyişən, saytdan çıxardan KİV-ləri oxumaqdan imtina etməlidirlər”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də vurğulanan problemin çox ciddi olduğunu deyib: "Bu məsələ bir sıra problemlərə yol açır. Birincisi, mətbuatı və sözü gözdən, dəyərdən salır. Həqiqətən sayta qoyulmuş hansısa yazının bir saatdan sonra oradan çıxarılması qeyri-ciddi imic yaradır. Təəssüflər olsun ki, bir saytın istifadə etdiyi bu metoddan digər saytlar da yararlanırlar. Hansısa KİV bir xəbər yayırsa, onun arxasında durmağı bacarmalıdır. Əgər xəbərdə yanlışlıq varsa və qarşı tərəfin mövqeyi öyrənilməyibsə, onda qarşı tərəfin mövqeyini əks etdirən növbəti bir yazı hazırlayıb dərc etmək lazımdır. Ancaq yazı birdəfəlik saytdan yığışdırılırsa, burada başqa niyyətlərin olduğu üzə çıxır. Bəzi hallarda həmkarlarımız iddia edirlər ki, bir sıra saytlar saytda xəbər yerləşdirməkdən yox, əksinə, xəbər çıxartmaqdan pul qazanırlar. Ən narahatedici məqamlardan biri bunun bir alverə çevrilməsidir. Əvvəlcə yalan məlumat yerləşdirilir, sonra kimlərləsə əlaqə qurulur və müəyyən vəsait müqabilində yazı saytdan çıxarılır. Bu cür hallar ürəkağrıdan məqamlardır və medianın ciddi problemlərindən biridir”.
Baş redaktora görə, problemin həll mexanizmi görünmür: "Mətbuat Şurasına əlavə səlahiyyət verilsə belə, bu problemi aradan qaldırmaq mümkün olmayacaq. Çünki texniki olaraq prosesə nəzarət etmək çətindir. MŞ-nin resursları da o qədər çox deyil ki, belə bir prosesi həyata keçirsin. Fikrimcə, ancaq ictimai qınaq yolu ilə məsələyə müdaxilə etmək olar. Problem aktuallaşdırılmalı, müzakirəyə çıxarılmalı, peşəkar KİV-lərdə məsələyə münasibət öyrənilməlidir. Bu işlə məşğul olan saytların cəmiyyətə tanıdılması istiqamətində müəyyən addımlar atılmalıdır. Ümumiyyətlə, problemə yeni medianın üzləşdiyi problemlər prizmasından yanaşmaq lazımdır. İndi saytlara nəzarət mexanizmi çox məhduddur. Son vaxtlar qeyri-peşəkar yanaşma, informasiya işinə qeyri-ciddi münasibət, yaranmış imkanlardan şəxsi məqsədlər üçün istifadə etmək yeni medianı hörmətdən salır. Azər bəyin qaldırdığı məsələ onlayn medianın problemlərindən biridir. Fikrimcə, həmkarlarımızın məsələyə yanaşmaları hamımız üçün maraqlı olacaq. Çünki problemin hansı yolla aradan qaldırılması mühüm məsələdir. Əgər ciddi və ağlabatan təkliflər olarsa, müvafiq qurumların qarşısında bu məsələni qaldırmaq mümkündür”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb