Yazıçı bəzi telekanalları "topa tutdu": "Dərdin alem, gecə-gündüz bu güllələrə məruz qalerıx "





"Azərbaycanda televiziyalarımız qədər xalqın əleyhinə işləyən ikinci ünsür tanımıram”.

Bu sözləri "Sherg.az”a televiziya verilişləri haqqında danışarkən yazıçı Seyran Səxavət deyib. Onun sözlərinə görə, televiziya verilişlərini nə çoban, nə akademik, nə uşaq, nə də böyük insanlar bəyənir:

"Bunun səbəbi isə təhsilsizlikdir. Savadı olmayan şəxsləri televiziyada işləməyə cəlb edirlər. Bəzilərini yoldan tutub, gətirirlər ki, gəl veriliş apar. Əvvəllər "televiziyada belə dedilər” - deyə, müqayisə aparırdıq. İndi televizora baxan da yoxdur. Hərdən mən də telekanalları çevirirəm. Ancaq idmana ,futbol çempionatlarına baxıram.

Azərbaycan dilini pis günə qoyan insanlar televiziyada toplaşıb. Dilimizin bu vəziyyətə düşməsinin səbəbi də televiziyalardır. Bu problemi aradan qaldırmaq çətin deyil. Bir komissiya yaratsınlar, mən də təmənnasız kömək edərəm, televiziyalarda növbətçilik edək. Televiziyalardakı nöqsanları əvvəl onların nəzərinə çatdıraq. Əgər məhəl qoymasalar, töhmət verə bilərik. Bütün bunlar nəticə vermədikdə lisenziya məsələsini ortaya qoyaq ki, bu televiziyanın Azərbaycan cəmiyyəti üçün işləməyə mənəvi haqqı var, yoxsa yox. Divin canı şüşədə olan kimi, televiziyaların canı da lisenziyadadır”.

Seyran Səxavət televiziyalarda yol verilən nöqsanlardan misal da gətirib:

"Televiziyaların birində Tovuz rayonun düşmənlə sərhəddə yerləşən Əlibəyli kəndində çəkilən reportaj yayımlanırdı. Yaşlı qadın ermənilərin atdığı güllələri ovcuna yığıb, kameranın qarşısında danışır:

- Görürsənmi, dərdin alem, gecə-gündüz bu güllələrə məruz qalerıx.

İlk cümlə normaldır. Kənd sakinidir, şivə ilə danışır. Amma kəndlinin "məruz qalerıx” ifadəsi bir qədər təəccüb doğurur. O sadə dildə, "güllə təpəmizə dolu kimi yağer” deyə bilər. Görünür ki, televiziyalar Azərbaycan dilini də məhv edib. Mən şeirlərimin birində də qeyd etmişəm: televiziyalar qəsdən dilimizi, milli dəyərlərimizi, əxlaqımızı – millətin xeyrinə olan hər şeyi öldürməklə məşğuldur. Bütün bunları həmin televiziya rəhbərlərinə də sübut edə bilərəm”.

Aysel Aslan