Yazıçılar niyə Dəyanət Rzayevin intiharından yazmadı?

Fəlsəfə doktorunun iradlarını yazarlar qəbul etmirCəlil Cavanşir: “Mövzunu kütləviləşdirməyin heç cür tərəfdarı deyiləm. Çünki mediada daimi olaraq intiharla bağlı xəbərlərin yayılmasının əks təsirləri də ola bilər”
Sevinc Elsevər: "Bəlkə yazıçının elə özü də intihar həddinə çatıb”
Ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın "Psixoloqun intiharı, N.F.Qısakürək və bizim ədəbiyyat...” adlı məqaləsi yazarlar tərəfindən birmənalı qarşılanmayıb. İradə xanım sözügedən yazıda ədəbiyyat adamlarını bu günlərdə intihar edən psixoloq Dəyanət Rzayevin ölümünə biganəlikdə ittiham edib. Onun sözlərinə görə, Azərbaycanda həyatın nəbzi yazıçıların barmağının altından qaçıb artıq:
"Günümüzdə, gözümüzün qarşısında tanıdığımız bir insan - vaxtilə başqalarını intihardan xilas etmək cəhdində olan bir psixoloq özünə qəsd etdi. Digər psixoloqlar bu xəbərdən bir az sıxıldı, sosioloqlar, psixiatrlar, millət vəkilləri, mərhumun ailə üzvləri müxtəlif statuslu şəxslər şərhlər, intervülər verdi. Hətta sosial şəbəkədə adi məişət söhbəti həddindəki təhlillərin də məzmununda əks olundu bu ölüm...
Yazıçılar üçün bu mövzu olmadı, daha doğrusu, inanıram ki, olmayacaq. Çünki, onlar "böyük hadisələrin” müəllifi ampluasından enmək istəməyəcəklər... Onların daha "vacib” mətnləri var və onlar otaqlarında, kabinetlərində xəyala dalıblar, çiçəkli dağlara, bülbüllü bağlara, postmodern olmayan məqamların saxta portretinə postmodern yamaqlar vurmağa başları qarışıb... 
Amma bizi daha çox ədəbiyyatımızın yanaşması düşündürür. Doğrudanmı bir cəmiyyətin yazarı bu qədər yaxınlıqdakı ictimai fəlakətin hər gün güllə səsi kimi əks-səda verən artımını hiss etmir? Doğrudanmı bütün bunlar ədəbiyyatın, bədii mətnlərin məzmununa, mövzusuna yaramır?”
Tənqidçi hesab edir ki, yazarlar qəzetləri vərəqləyib, saytdan-sayta keçib bu ölümü bir şou xəbər, ya sosial-iqtisadi problemin inikası kimi oxuyub keçirlər yazı masasına. Öz yaradıcılıq sahələrinə aid etmirlər bu vaqeəni... Bu ölümdən, onun anatomiyasından, bu ölümün bütün tərəfləri ilə ədəbiyyatlaşması vacibliyindən yan keçib otururlar yazı masasına. Təxəyyülü uzaqlara, bizdən - yanımızda bomba kimi partlayan ölümlərdən və əslində İnsandan - yan keçib göndərirlər: "Bizim romançılarımız niyə bizdən yazmır, niyə bizi görmür? Onların azərbaycanlı qəhrəmanları artıq çoxdandır ki, biz deyilik. Onların təsvir etdiyi məkan çoxdandır ki, əsil Azərbaycan deyil. Adlar, əhvalatlar, təbiət və mənzərələr, insanların zahiri portretləri, siması, milli koloritli vəsfi "azərbaycanlı” ola bilər, amma zamanımızın insanları, cəmiyyəti, onların ruhi-psixoloji sarsıntıları, sevinc və kədərləri, ictimai-siyasi düşüncələri romanlaşa bilmir. Dostoyevskini xatırladım, Çexovu, Qoqolu, C.Məmmədquluzadəni - cəmiyyətinin halının və insanının yazıçısı ola bilən dahiləri... Bir də böyük türk yazarı N.F.Qısakürəyin ötən əsrin 30-cu illərində yazdığı "Bir adam yaratmaq” pyesini...
N.F.Qısakürəyin "Bir adam yaratmaq” adlı pyesinin içindəki başqa bir pyesin - "Ölüm qorxusu” adlı əsərin müəllifi həm də qəhrəmanı Xosrov bəyi xatırladım. N.Fazil intihar edənlərin yox, intiharın, bir türk cəmiyyətindəki insanın, yazarın (o adamın ki, əsərinin qəhrəmanının taleyini yaşayır, o qəhrəmanların ki, ona öz taleyini köçürmüşdü) intihar psixologiyasının çözümçüsü olur”.
İradə Musayevanın sözlərinə görə, yazıçı həyatın, canlı mexanizm kimi daima hərəkətdə olan ictimai mühitin, cəmiyyətin barometri olmalıdır. Hər bir məmləkətin yaşamı, ictimai-mədəni durumu, insanının sosial-siyasi, psixoloji vəziyyəti onun əsərində portretləşmirsə, deməli o, quramaçı, əllaməçi və gərəksiz bir qələm sahibidir: "Bizim yazıçılar məhz az qala bir əsr əvvəl türk yazıçısının da göstərdiyi həqiqi sənət, ədəbiyyat yolunun keçib getməli olduğu qapını (əsl həyatın reallıqlar burulğanına aparan yolunun qapısını) çox az hallarda döyür. Həyata sözün həqiqi mənasında "qadağan olunmuş ölkə”, "əqrəb yuvası” kimi baxırlar... Həyatdan, ətrafında baş verənlərdən bu qədər uzaq düşmək, çəkinmək həmin müəllifləri yenidən onların özlərində həbs edir... belə bir məhkumiyyətdə isə böyük ədəbiyyat yarana bilməz...
Bəli, ədəbiyyat uzaqdan müşahidə səciyyəli olmalı deyil. Daha yaxından, daha içdən, daha doğma yanaşmadır insana... Dostoyevskiyə baxaq, Tolstoya baxaq, əlləri ilə intihar kəndirlərini, qayışlarını yoxlayan, dəmir yollarındakı intihar relslərinin soyuğunu bədənində hiss edən yazıçılara... İnsanın dərdinin, faciəsinin anatomiyasına qədər enən dahilərə...”
Sözügedən yazı ilə tanış olduğunu vurğulayan yazar Cəlil Cavanşir hesab edir ki, İradə xanım mətbuatı və ədəbiyyatı tam izləmədən bu mövzuda yazı yazmaqla bir balaca tələskənlik edib: 
"Dəyanət Rzayevin intiharından təxminən 20 gün əvvəl "A24.”az-da "Həyasızcasına yaşamaq” adlı yazımda intihar mövzusuna toxunmuşam. Bu gün isə Milli.az-da "İntihar gerçəkdən də acizlikdirmi?” yazımda isə məhz Dəyanətin intiharından yazmışam. Əslində, intihar yaradıcılığımda ən çox müraciət elədiyim mövzudur. Sosioloji və fəlsəfi problem olaraq intihar həmişə məni narahat edib deyə, 10 yazımdan birində intihara toxunmuşam. "İntihar gerçəkdən də acizlikdir mi?” yazımda isə həm Dəyanətin intiharını, həm də cəmiyyətdə intihar həddinə çatan insanların vəziyyətini, psixoloji durumunu açmağa çalışmışam”.
"İntihar yazıçıların mövzusu olmalıdırmı” kimi sualların mübahisəli olduğunu vurğulayan C.Cavanşir hesab edir ki, yazıçı hər şeydən yaza, yaxud da heç nədən yazmaya bilər:
"Yazıçı cəmiyyətdə baş verən proseslərin hər birinə ayrı-ayrılıqda münasibət bildirmək məcburiyyətində deyil. Amma intihar kifayət qədər ciddi məsələ olduğuna görə, ədəbiyyat adamları zaman-zaman bu məsələyə toxunur. Psixologiyada "Verter effekti (sindromu)” deyilən bir fenomen mövcuddur. Getenin "Gənc Verterin iztirabları” əsərinin nəşrindən sonra gənclər arasında kütləvi intiharlar başladığı üçün bu sırf ədəbiyyatla bağlı bir məsələ idi. Kamyu da daha çox intihar mövzusuna toxunan yazıçılardan biridir. Hətta o, intiharı həll olunmamış yeganə fəlsəfi problem adlandırıb. Mən də hesab edirəm ki, dünyadakı bütün fəlsəfi və psixoloji problemlər arasında intihar ilk sırada dayanır. Bir yazıçı olaraq, intiharların bizim cəmiyyəti çox narahat etdiyini hiss edirəm və mütəmadi olaraq bu məsələyə toxunuram. Yeniyetmələrin, 18-19 yaşlı gənclərin intihar etməsi artıq cəmiyyətin psixoz halında olması ilə bağlıdır. Depressiyalara rəvac verən isə sosial vəziyyətin pisləşməsi, insanların kasıblaşmasıdır. Düzdür, yazarlarımız da, jurnalistlərimiz də bu mövzuya toxunmalıdır, amma mövzunu kütləviləşdirməyin heç cür tərəfdarı deyiləm. Çünki mediada daimi olaraq intiharla bağlı xəbərlərin yayılmasının əks təsirləri də ola bilər. İntihar hadisələrini mümkün qədər gündəmə çevirməməliyik. Xüsusən də, böyük rəqəmlərlə ifadə olunan intihar statistikası və tanınmış simaların özünə qəsd etməsi "Verter sindromu”na yol aça, insanlarda kütləvi ümidsizlik yarada bilər”.
Yazar Sevinc Elsevər də "Psixoloqun intiharı, N.F.Qısakürək və bizim ədəbiyyat...” adlı məqalədən xəbərdar olduğunu deyib: 
"Öz adıma deyə bilərəm ki, intihar mövzusunda bir neçə şeir yazmışam. Hətta özünü yandıraraq həlak olan qaziyə şeir də həsr eləmişdim. Başqa bir şeirdə isə kişilərin kütləvi intiharı mövzusuna toxunmuşam. Kulis.az-da gedib o şeir. Hər iki şeirim sosial məzmunludur. Heç də eşqdən, güldən-çiçəkdən bəhs olunmur”.
Azərbaycanda hər gün bir neçə intihar hadisəsi qeydə alındığını vurğulayan Sevinc xanımın sözlərinə görə, onların hər birinə ayrı-ayrılıqda şeir həsr etmək olmur: 
"Bu nə oxucu üçün maraqlı olar, nə də ədəbiyyata təkrarçılıqdan başqa bir şey verər. Psixoloqun intiharı sırf onun peşəsinə görə daha çox səs-küy doğurdu. Bir psixoloqun intiharı insanlar üçün gözlənilməz idi. Ola bilsin ki, intihardan dərhal sonra hansısa yazar bu mövzuya toxunmadı. Amma bu hadisə bu gün olmasa da, sabah mütləq ədəbiyyatda öz əksini tapacaq. Kimsə hekayəsinə, romanına salacaq. Yaradıcılıq qəribə şeydi, ancaq hisslər, ağrı-acılar bitəndən sonra o barədə yaza bilirsən. Yəni ağrı səngiyəndən sonra. Hələ başın ağrıya qarışıqdır. Sən ağrınla məşğulkən necə şeir, hekayə barədə düşünə bilərsən? "Nəsimi” filmində Nəsiminin dilindən deyildiyi kimi: "Vəsf  zamanı deyil, ey afət!” İndi də şeir zamanı heç deyil bəlkə. Vallah, mən utana-utana yayımlayıram yazdığım şeirləri, hekayələri. Öz-özümə deyirəm ki, şeir vaxtıdı? Camaat şeir hayındadırmı? Bacardıqca da gündəm mövzularından qaçmağa çalışıram. Fürsətçi kimi görünür gözümə o adamlar ki, sanki güdükdə dayanıb, gözləyir ki, birinin başına iş gəlsin, buna mövzu çıxsın, yazsın. 
Ədəbiyyat adamı qəlbinin səsinə qulaq asmalıdır. Sifariş verməklə deyil ki, onu yaz, bunu yaz. Yazanda yazacaq. Əks halda belə təəssürat yaranır ki, ədəbiyyat müəllimi şagirdlərinə inşa mövzusu verir. Deyir yazmalısan. Yazmayan kəsilir. Yazıçı var, on il susur, heç nə yazmır. Yazıçı var 20 il susur. Yazıçı var, bir vaxtdan sonra ümumiyyətlə, heç nə yazmır. İradə xanım daha gözəl bilir ki, ədəbiyyat tarixində bu cür hallar çox olub. Yazıçı da insandır. Onun da zəif tərəfləri var, o da stimulsuzluqdan əziyyət çəkir, ağrıyır. Bəlkə elə özü də intihar həddinə çatıb. Yeri gəlmişkən, İradə xanım bir yazısında da soruşurdu: "Ay yazıçılar, niyə intihar etmirsiniz?”. Nə bilim vallah, məsləhətdi edək. Mən şəxsən uşaqları taleyin ümidinə buraxıb intihar edə bilmirəm. Halbuki tez-tez o fikrə düşürəm. Sonra özümə deyirəm ki, son damla qanına kimi yaşamalısan!”.
Şəymən