“Yeni Azərbaycan” qəzetinin baş redaktoru “Şərq”i təbrik etdi



Hikmət Babaoğlu, millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru:

- Azərbaycan mətbu məkanında özünəməxsusluğu ilə seçilən, ölkəmizin ilk müstəqil qəzetlərindən biri olan "Şərq” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 20 il ötür. 1996-cı ilin noyabrın 1-də nəşr olunmağa başlayan "Şərq” qəzeti 20 illik fəaliyyəti dövründə geniş oxucu marağı cəlb etməyi bacarıb, öz dəsti-xətti ilə seçilən qəzetlərimizdən biri olub. Azərbaycanda yaradılan ilk müstəqil mətbu orqanlardan biri kimi tarixə düşən "Şərq” hər zaman öz

obyektivliyi, hadisələri düzgün işıqlandırması, tərəfsiz informasiyanın yayılması, qərəzsiz fəaliyyəti və jurnalistikanın etik prinsiplərinə və davranış qaydalarına sadiqliyi ilə də rəğbət toplayıb. "Şərq” qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi ola bilib. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olub.

Eyni zamanda, müstəqil mətbuatımızın inkişafında xüsusi yeri olan "Şərq” qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, "Şərq” qəzetinin "mətbəxində” qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər.
Bu əlamətdar gün münasibətilə "Şərq” qəzetinin kollektivini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar, bu çətin və şərəfli yolda yorulmaz fəaliyyət arzu edirəm.