"Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov bu sahədəki problemləri uğurla aradan qaldıracaq”
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Fuad İbarahimli söyləyib.
Onun fikrincə, bu məsələyə sistem və konkret şəxsiyyət nöqteyi- nəzərindən yanaşmaq lazımdır:
"Biz keçmiş nazirlərin vaxtında da kənd təsərrüfatı sahəsində mövcud olan neqativ hallarla bağlı fikirlərimizi bildirmişik. Onlara qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı kifayət qədər bilgilər vermişik. İndi bu sahəyə ölkə rəhbərliyinin sərəncamı ilə yeni nazir təyin olunub. Yeni nazirimiz "ASAN" xidmətin rəhbəri vəzifəsində çalışıb.

Respublikamızda çox adam bu xidmətdən yararlanıb. "ASAN" xidmət müstəqilik dövrümüzün, bəlkə də, şah əsəridir. Biz bir çox qərb ölkələrində olmşuq. Onlar da bu modeldə, bir pəncərə sistemində idarəetmə sahəsi yoxdur. Deməli, biz bunu bacarırıq. Sistem yaratmaq, ona bir rəhbər və komanda təyin etmək həmin sistemin uğurlu işləyəcəyi demək deyil. Ora gələn rəhbərlik və komanda o qədər səriştəsiz ola bilər ki, istənilən uğurlu modeli alt-üst edər. Ancaq "ASAN" xidmətin formalaşmasında və idarə olunmasında biz müsbət halla rastlaşdıq. Buna görə də belə bir xidmətdən yüksak səviyyədə yararlandıq.
Bu, "ASAN" xidmətin rəhbərinin idarəçilik qabiliyyətinin olması ilə əlaqəlidir. İndi həmin şəxs kənd təsərrüfatı naziri təyin olunub. Kənd təsərrüfatı çox mürəkkəb sahədir. Kənd təsərrüfatını mükəmməl menecer idarəetmə üsulu ilə yönləndirməklə müsbət nəticə əldə etmək mümkün olmayacaq. Keçmişdə buna görə biz çox fürsətləri əldən buraxdıq. İndi ölkə rəhbərliyi tərəfindən qeyri-neft erası elan olunub. Bu baxımdan mütləq şəkildə kənd təsərrüfatı sahəsində sıçrayış əldə etməliyik. Biz Rusiya, Ukrayna, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa və Yaxın Şərq ölkələrinin bazarlarında monitorinqlər keçirmişik.
Azərbaycanın istər kənd təsərrüfatı, istərsə də, digər sahələrdə əlverişli şəraiti, zəngin potensialının olmasına baxmayaraq həmin ölkə bazarlarının piştaxtalarında bizim məhsulları görə bilmirik. Xarici piştaxtalarda Gürcüstan çayı görürük, amma Azərbaycan çayını Sovet dövründəki kimi kiməsə xahiş etməklə əldə edirik. Biz bu sahələrdə elastik siyasət irəli sürməliyik. Burada bir neçə dövlət orqanlarının kompleks fəaliyyəti mütləq tandemdə üzə çıxmalıdır. Vergilər Nazirliyi, Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi diqqəti bu sahəyə yönəltməlidirlər. Bu strukturların hamısı birləşib fəaliyətlərini müsbət hala gətirməlidir ki, kənd təsərrüfatı sahəsində effektiv nəticə əldə olunsun".
Bir müddət öncə, Rusiya-Türkiyə münasibətlərinin pozulduğunu söyləyən iqtisadçı qeyd edib ki, bu münasibətlərin pozulmasından Azərbaycan kənd təsərrüfatı məhsullarının 20-30 faiz ticarət mövqelərini əldə edə bilərdi:
"Lakin bizim Gömrük Komitəsində ixrac əməliyyatlarına təsir edən əngəllərə, digər sətiraltı problemlər, eyni zamanda kənd təsərrüfatının idarəetmə üslubundakı səriştəsizlik və idarətmə qabiliyətsizliyinə görə, bu boşluqdan yararlana bilmədik. Kənd təsərrüfatında yeni təyin olunmuş rəlbərlik menecer və idarəetmə baxımından kifayət qədər özünü sübut etmiş bir insandır. Düşünürəm ki, yeni təyin olunmuş nazir ona həvalə ölünmüş missiyanın öhdəsindən uğurla gələcək.
Ən azından bir il ərzində kənd təsərrüfatı sahəsində baş verən yeniliyi görə biləcəyik. İnanıram ki, sadaladığımız bazar münasibətləri və dövlət orqanları arasındakı birləşmə sistemli şəkildə həyata keçsə, biz bu sahədə nəzərəçarpan nəticə əldə edə biləcəyik. Yeni təyin olunmuş nazirə də uğurlar arzulayıram. O bu sahədə bir çox irəliləyiş əldə edə biləcək. Onunla birlikdə digər yeni nazirlərə də öz vəzifələrində uğurlar diləyirəm".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) rəhbəri İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri təyini edilib. Femida.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub. Qeyd edək ki, buna qədər quruma rəhbərliyi Heydər Əsədov edib.
Kənan Eynuroğlu