Osman Gündüz deyir ki, bu sahədə də monopoliya meyilləri hiss olunur
Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları aşkar olunub. Milli Televiziya və Radio Şurası (MTRŞ) hadisə ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib.
MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir: "Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 30-dan artıq lisenziyası olan kabel və İP televiziyası fəaliyyət göstərir: "Qanunsuz fəaliyyət göstərən kabel televiziyalarının sayı isə çoxdur. Bunu dəqiq müəyyən etmək çox çətin məsələdir və hər binada bunları aşkara çıxarmaq olmur. Biz qanuni fəaliyyət göstərən kabel və İP televiziyalarının siyahısını hüquq-mühafizə və vergi orqanlarına təqdim etmişik. Artıq onlar bu siyahı əsasında hansı televiziyaların qanuni fəaliyyət göstərdiyini bilirlər və qanunsuz kabel televiziyaları ilə bağlı özləri tədbirlər görürlər”.
N.Cavadov vətəndaşların da diqqətli olmasının vacibliyini bildirib: "Vətəndaşlar bu kabel televiziya kanallarına qoşulan zaman onların qanuni olub-olmadığı ilə maraqlanmalıdırlar. Bu, həm vətəndaşlar üçün, həm də dövlət üçün faydalıdır”.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq”ə açıqlamasında əsas problemin telekommunikasiya sahəsində də insan monopoliyası meyillərinin hiss olunduğunu bildirib:
"Yeni tikilən yaşayış binalarında internet və kabel televiziyalarının çəkilişi və kommunikasiya ilə bağlı ciddi problemlər var. Yeni yaşayış massivlərinin sahibləri, yəni binanı tikən şirkət sahibləri müəyyən provayderlərdən, kabel operatorları ilə sövdələşmə aparırlar. Həmçinin, bunun üçün münbit şərait yaradırlar. Digərlərini də ora buraxmırlar. Hansı ki, bu yolverilməzdir. Çünki, artıq binada yaşayanlarda seçim imkanı qalmır, bir provayderin nəzarəti altında olurlar, onun xidmətindən istifadə edirlər. Belə olanda da xidmətin keyfiyyətindən danışmağa dəyməz, çünki keyfiyyət ifrat dərəcədə aşağı, qiymətlər isə yüksək olur. Buna səbəb binanı tikən şirkətin qeyri-qanuni hərəkətidir”.
Mərkəz direktoru bildirib ki, telekommunikasiya sahəsini tənzimləyən normativ hüquqi sənədlər və ona aid müəyyən maddələr yoxdur:
"Binanın təhvil və təslimi ilə bağlı mövcud qanunvericilik var. Amma bu qanunvericilikdə o binanın telekommunikasiya infrastrukturunun qurulması, rabitə işlərinin görülməsi ilə bağlı maddə yoxdu. Bina işıqla, qazla bağlı təhvil-təslimat alır, lakin rabitə təminatının yerinə yetirilməsi ilə bağlı yekun akt tərtib olunmur. Sıfır vəziyyətdə bina təhvil verilir, ondan sonra yeni şirkət nə qurursa özü ondan istifadə edir. Beləliklə, hər şirkət öz infrastrukturunu qoyur, amma bu yolverilməz haldır. Hesab edirəm ki, ilk olaraq binaların təhvil-təslimi ilə bağlı qanunvericilikdə müəyyən dəyişiklik olmalı və telekommunikasiya ilə bağlı işlərin görülməsi öz əksini tapmalıdır. Həmin sənədlərdə mütləq provayderin və kabel operatorlarının seçimi ilə bağlı binada olan ev sahiblərinin seçimi hüququ göstərilməlidir. Bu sahədə müəyyən boşluqlar var. Binanın özəl sahibləri və bəzi kabel operatorları bundan sui-istifadə edirlər”.
Yeganə Bayramova