Jalə Rəcəbova: "Ümid edirəm, təqaüdlərim təhsil və yaşayış xərclərimi ödəyəcək"
Bu ilin mayın 13-də keçirilən ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinif şagirdi Jalə Rəcəbovanın "Sherg.az”a müsahibəsini təqdim edirik.
- Jalə, ali məktəbə necə hazırlaşmısan?
- Liseydə oxumaqla yanaşı, son iki ildə paralel olaraq Xaçmaz Hazırlıq Mərkəzində abituriyent kimi hazırlaşdım.
Əslində ibtidai sinifdən yaxşı oxuyurdum, qiymətlərim yüksək olurdu. Elə buna görə, dəqiq deyə bilərəm ki, ali məktəbə hazırlaşmaq üçün bir neçə il kifayət etmir. Aşağı siniflərdən yaxşı oxumaq, lazımi bazanı formalaşdırmaq vacibdir. Elə dərslər olurdu ki, sadəcə təkrarlayırdım, yetərli olurdu.
-Hansı ixtisası seçəcəksən?
-Mən II qrup üzrə imtahan vermişəm. Maliyyə ixtisasını seçmək fikrim var.
-Universitet seçimini də etmisənmi?
-Hələlik yox. Universitetlərlə maraqlanıram, bir neçəsinə gedib, canlı görmək planım da var. Artıq bəziləri mənə təklif göndərib ki, orada təhsilimi davam etdirim. Mən isə seçimimi etməzdən əvvəl yaxşı düşünmək istəyirəm. Vaxta çox var, ona görə, tələsmirəm.
-Özəl yoxsa, dövlət universitetlərinə marağın çoxdur?
-Əslində fərq etmir. Daha çox universitetlərin təhsil səviyyəsi ilə maraqlanacağam. Təhsilin keyfiyyəti yüksək olsun, qalanı önəmli deyil.
-Xaricdə təhsil almaq istərdinmi ?
-Xaricdə təhsil haqqından tamamilə azad edən, yaxud yetərli məbləğdə təqaüd vəd edən ali məktəblər olsa, bakalavr təhsilimi xaricdə oxumaq istəyərəm. Amma bu alınmasa, növbəti addımlarda, magistr və ya doktorantura təhsilimi xaricdə davam etdirməyi düşünürəm.
-Təhsil üçün Bakıya gəlməli olacaqsan. Qalmaq üçün yer, maddi məsələlərlə bağlı problemlərin varmı?
-Yəqin ki, Bakıda kirayədə qalacağam. Maddi məsələlərə gəlincə, Prezident təqaüdü və ali məktəbin ilk semestri üçün əlaçı təqaüdü alacağam. Ona görə, bu məbləğin yetərli olacağını güman edirəm. Düzdür, maddi məsələdə ailəm də kömək edəcək, amma valideynlərimi çətinliyə salmaq istəmirəm. Çalışacağam ki, öz xərclərimi özüm qarşılayım. Ümid edirəm, təqaüdlərim təhsil və yaşayış xərclərimi ödəməyimə yetəcək.
-Bundan sonrakı məqsədlərin, bakalavr təhsili dövründə planların nələrdir?
-Ali məktəbdə oxuduğum müddətdə çalışacağam ki, dil bilgilərimi artırım. Elə indidən qısa müddət istirahət etdikdən sonra, yay ayılarını planlarımı həyata keçirməyə sərf edəcəyəm. Əlavə dil kimi rus dilini öyrənmək fikrim var. Universitet başlayandan sonra da həm ixtisasımla bağlı, həm də əlavə biliklərimi artırmaq üçün kurslara gedəcəyəm. Özümü daha da təkmilləşdirməliyəm ki, ali məktəbi bitirəndən sonra işsizlik problemi yaşamayım.
-Maksimal nəticə göstərmisən. Bu uğuruna diqqət necə oldu?
-Mənim nəticəm test imtahanının keçirildiyi 26 il ərzində Xaçmazın tarixində bir ilk oldu. Ona görə, böyük bir sevinclə qarşılandım. Məktəbimizdə də belə reaksiyanı gözləmirdim, kifayət qədər diqqətlə yanaşdılar. Müəllimlər, şagirdlər, qohum-tanışlar təbrik etdilər. İmtahan nəticələrinin açıqlandığı gün bir növ bayrama çevrildi. Bu çox qürurverici məqamdır.
Rayon Təhsil Şöbəsi və Xaçmaz İH tərəfindən də mükafatlandırıldım. Buna görə hər iki qurumun rəhbərliyinə də təşəkkür edirəm.
-Abituriyentlərə məsləhətin, özünün sınaqdan keçirdiyin tövsiyələrin nələr olardı?
-Abituriyentlər ali məktəbə hazırlaşarkən özlərini hər şeydən məhrum edib, sırf dəftər kitaba qapanmamalıdır. Normal istirahət, dərs saatı qurmaq lazımdır. Məsələ az yaxud çox çalışmaqda deyil. Hər abituriyentin müxtəlif dərəcədə mənimsəmə qabiliyyəti var. Şagird zehnini özü tanıyıb, özü qabiliyyətinin dərəcəsini müəyyən edə bilsə, hazırlaşmaq daha asan olar. Mənimsəmə qabiliyyətinə görə, dərsi az və ya çox oxumalı olduğunu insan özü bilməlidir. Buna uyğun da hər kəs ali məktəbə hazırlıq prosesini qura bilər.
Aysel Aslan