Yevda Abramov faktları söyləyir

“Həqiqətən “Avroviziya” mahnı müsabiqəsini pozmaq üçün iki iranlı agentin həbsində Mossad əhəmiyyətli rol oynadı”



Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycan-İsrail münasibətlərindən danışıb. Deputat qeyd edib ki, bu gün Mossad Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir.

Onun sözlərinə görə, hazırda İsrail müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir: "2012-ci ildə Bakıda "Avroviziya” mahnı yarışması keçirilən zaman "Baku Kristal Hall”a yaxın yerdə, Xəzərdə suyun altında Mossadın akvalanqçı əməkdaşları İrandan Azərbaycana gələn terrorçuları tutdu. Avropa Oyunlarında da Bakının təhlükəsizliyini, oyun keçirilən əsas strateji obyektləri, məntəqələri Mossad qorudu”.

Millət vəkilinin açıqlamasını dəyərləndirən politoloq Qabil Hüseynli qeyd edib ki, Y.Abramov İsraili təbliğ etmir, o, faktları söyləyir: "Həqiqətən də "Avroviziya” mahnı müsabiqəsini pozmaq üçün iki iranlı agentin həbsində Mossad əhəmiyyətli rol oynadı. Təəssüflər olsun ki, o zaman sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun başı başqa işlərə qarışmışdı. Məndə olan məlumata görə, həmin iranlıları sahildə tutublar və üzərlərində kifayət qədər partladıcı maddə var imiş. Onların marşrutunu izləyən Mossad olub. Bundan başqa, Mossadın bəzi terrorçu ünsürlərin yaxalanmasında və Azərbaycanın bununla bağlı xəbərdar edilməsində rolu çox olub. Bu mənada Azərbaycanın xüsusi xidmət orqanları ilə Mossad arasında əlaqələr var. Bu əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan üçün faydası çox olacaq”.

Ayyət Əhməd