Yükdaşımada tariflərin artması labüddür

“Nəzərə almaq lazımdır ki, biz artıq tənəzzül dövrünü keçdik”



Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz azalıb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri isə 0,1 faiz artıb.

Maraqlıdır, nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin artımı iqtisadi baxımdan ölkəmiz üçün nə dərəcədə sərfəli olacaq? 

İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, qiymətlərin artımı büdcədə müsbət rol oynayacaq. Lakin bu artımın olması mühüm əhəmiyyət kəsb etmir: "Bu artımın baş verməsi şübhəsiz ki, manatın ucuzlaşmasından irəli gəlir. Belə olan halda tariflərin qalxması labüddür. Nəzərə almaq lazımdır ki, biz artıq tənəzzül dövrünü keçdik. Əvvəllər iqtisadi böhran baş verdikdə insanlar bunu şok kimi qəbul edirdi, gələcəyə şübhə altında baxırdılar. Amma təbiətdə olduğu kimi, insanlarda da bir xüsusiyyət var - adaptasiya dövrü. Bu, iqtisadiyyatda da belədir, artıq biz adaptasiya dövrünü keçirik. Əgər bir az sağlamlaşma prosesi gedirsə, bu indiki vəziyyətə uyğun hərəkət deməkdir. Daşınma prosesi davam edəcək, hətta bu prosesdən istifadə edən sahibkarların da sayı mərhələli formada artmalıdır”.

Yeganə Bayramova