Yüksək bal toplayanların sayı artıb

Ekspert hesab edir ki, qəbul imtahanlarının il ərzində iki dəfə keçirilməsi nəticəyə təsir edib



Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev son illərdə ali məktəblərə qəbul olunanların orta bal göstəricisinin artdığını bildirib.

Onun sözlərinə görə, bu il qəbul imtahanlarında 2472 nəfər 600-dən yuxarı bal toplayıb. Keçən il isə bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər olub: "Bu il 15 nəfər 700 bal toplayıb. Ali məktəblərə qəbul olunanların 52 faizi qız, 48 faizi oğlandır”.

Yüksək nəticə göstərən şagirdlərin sayının artması təbii ki, müsbət haldır. Lakin maraqlı bir məqam var. 600-dən yuxarı bal toplayan şagirdlərin sayının hər il artması nə ilə bağlı ola bilər? Təhsil sistemində aparılan islahatlar, proqramlar bu göstəricinin artmasına şərait yarada bilərmi?

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun "Şərq”ə açıqlamasına görə, ötən illərlə müqayisədə 2017-ci ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb: 

"Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər (50.6 faiz) təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2017-ci il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edir.
Maraqlısı odur ki, 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunlarının sayı bu il 882 nəfər olmuşdur.

 Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərmişdir. Onlardan 5-i I qrupun, 2-si II qrupun və 2-si IV qrupun abituriyentləridir.

Ötən illə müqayisədə bu il dövlət ali təhsil müəssisələrinin qəbul planı 4.13 faiz (1251 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 0.85 faiz (53 yer) - ümumilikdə 1304 yer (3.57 faiz) artmışdı. Ötən il isə qəbul planında 7.15% artım olmuşdu. Məhz bu fakt və qəbul imtahanlarının il ərzində iki dəfə keçirilməsi yüksək bal toplayan abituriyentlərin sayının artması ilə nəticələnib”.

Yeganə Bayramova