Yusif Bəkirov deputatın təklifinə güldü

Uşaq bağçalarında kişi tərbiyəçilərin işləməsi inandırıcı deyil
Heç bir kişi 150 manata gedib bağçada işləməz


Millət vəkili Fazil Mustafa ölkəmizdəki uşaq bağçaları ilə bağlı maraqlı bir təklif verib. Deputat Yaponiyada uşaq bağçalarında qadınlara tərbiyəçiliyin qadağan edildiyini, əvəzində kişilərin bu işə cəlb olunduğunu nümünə gətirərək, Azərbaycanda da buna oxşar sosial eksperimentin keçirilməsini təklif edib.

Ölkəmizdə nadir hallarda kişilərin orta məktəbdə müəllim olaraq çalışdığını görürük. Bağçalarda kişi tərbiyəçilərin işləməsinə gəldikdə isə, düzü bu o qədər də inandırıcı deyil. Səbəb istər məktəblərdə, istərsə də bağçalardakı maaşların azlığıdır.

Millət vəkilinin təklifi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov Azərbaycandakı bağçalarda kişi tərbiyəçilərin işləməsinin inandırcı olmadığını deyib: 

"Mən bilmirəm parlamentdə nə ilə məşğul olurlar. Ölkəmizdə kişilərin tərbiyəçiliklə məşğul olmamaqlarına səbəb odur ki, heç bir kişi 150 manata gedib bağçada işləməz. Bağçada işləyən müəllimlərin maaşı 1000 manat deyil ki, kişilər gedib orda işləsin. Burda ayrı-seçkilik salmaq lazım deyil, qadınlardan da, kişilərdən də yaxşı tərbiyəçi ola bilər.

Ölkəmizdə müəllimlərin 90 faizi qadınlardır. Ola bilər ki, Yaponiyada belə hal mümkün olsun, ordakı maaşlar o qədər yüksəkdir ki, kişilər də gedib tərbiyyəçi kimi çalışa bilirlər. Azərbaycanda isə belə bir təklif haqqında danışmağın özü gülüncdür. Elə bir şeydən danışmalıyıq ki, onu reallıqla həyata keçirə bilək. Mümkün olmayan məsələni müzakirə eləmək lazım deyil.

Son günlər bağçalarda olan xoşagəlməz halların səbəbini araşdırmaq lazımdır. Sonuncu hadisənin videosu yayıldı, bəs nəticə? Ortada heç bir nəticə yoxdur, uşağın döyülməsi ilə bağlı açıq-aşkar faktlar var. Lakin həmin müəllimə heç bir cinayət işi açılmadı. Belə hal xarici ölkələrdə yaşansaydı həmin müəllimi çoxdan həbs eləmişdilər”.

Yeganə Bayramova