"Zatulinin bu "təşəbbüs"ü Azərbaycanın prinsipiallığını daha da artıracaq"





"Rusiya prezidenti Vladimir Putin və Azərbaycan dövlət başçısı İlham Əliyevin bu ilin sentyabr ayında Soçidə 21 sənəd imzalaması Rusiyada ermənipərəst dairələri narahat edib”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, erməni lobbisinin təsirində olan Zatulin, Kazimirov, Yevseyev və digərləri Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışırlar: 

"Bəzi şəxslər Rusiya XİN səviyyəsində pozuculuq həyata keçirirlər. İrəvanda "Lazarev Klubunun”təşkili və orada Rusiya dairələri tərəfindən ölkəmizin ərazi bütövlüyünə açıq şəkildə təhdidlər istər-istəməz Azərbaycan əlaqələrinə zərbə vurmaqdır. Ancaq reallıq odur ki, Zatulinin başçılığı ilə belə təşəbbüslər Azərbaycanın prinsipiallığını daha da artıracaq və Ermənistanın regionda izolyasiyasına səbəb olacaq. 

Rusiya ilə Azərbaycan arasında bağlanmış müqavilələr üzrə əməkdaşlıq davam etdikcə erməni lobbisi iki ölkə arasında gərginləşmə yaratmağa, Zatulin kimilərdən istifadə etməyə cəhd göstərəcək. Ona gərə də Azərbaycan regionda mövqeyini daha da gücləndirməli, Zatulin kimilərin bu cür təxribatlarını neytrallaşdırmalıdır. İrəvanda ermənilər özləri deyib, özləri eşidəcəklər..”

Qeyd edək ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib.

İsmayıl