Zəlimxan Məmmədli tendensiyanı təqdir etdi

Gürcüstan dövləti azərbaycanlılara ödənişsiz gürcü dili öyrədir




Gürcüstanda bir qrup azərbaycanlı gürcü dilinin ödənişsiz öyrənilməsi kursunu başa vurub. Kursu bitirmiş Sadaxlı və Yormuğanlı kəndlərindən olan 36 azərbaycanlı vətəndaşa sertifikatlar təqdim olunub.

Xatırladaq ki, Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin təşəbbüsü ilə Ədliyyə Treyninq Mərkəzi 2015-ci ildən etibarən milli azlıqlar üçün dövlət dili üzrə ödənişsiz kurslar təşkil edir. Kursların keçirilməsində məqsəd qeyri-gürcü vətəndaşların inteqrasiyasına kömək etmək, onların dövlət xidmətlərindən istifadəsinin inkişaf etdirilməsi və işlə təmin olunmasına dəstək verməkdir. 2015-ci ildən bu vaxta qədər Sadaxlı, Yormuğanlı, Sartiçala və digər kəndlərdən olan 256 azərbaycanlı bu kurslarda iştirak edib. İctimaiyyət nümayəndələrinin fikrincə, soydaşlarımızın gürcü dilini öyrənməsi onların Gürcüstan cəmiyyətinə və dövlət dairələrinə inteqrasiyasını sürətləndirəcək.

Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli deyib ki, hər bir milli dövlət ölkədə yaşayan bütün vətəndaşlarına öz dilini, bayrağını və dəyərlərini sevdirməlidir. Onun sözlərinə görə, konstitusiya ölkənin bütün vətəndaşlarının bərabər hüquqlu olmasını təmin edir: 

"Bizim soydaşlarımız Gürcüstanda kompakt yaşadıqları üçün gürcülərlə ünsiyyətləri o qədər intensiv olmaya bilər. Nəzərə almaq lazımdır ki, orta məktəblərdə tədris o qədər güclü deyil. Ona görə də azərbaycanlı şagirdlər gürcü dilini qramatik cəhətdən mükəmməl öyrənə bilmirlər. Bu baxımdan dövlətin pullu və ya pulsuz proqramları çoxaltması müsbət tendensiyadır. Hesab edirik ki, bütün mümkün vasitələrlə vətəndaşların dövlət dilini mənimsəməsi təmin olunmalıdır”. 

Z.Məmmədli görülən işləri yetərli saymadığını bildirib:

 "Orta məktəblərdə gürcü dilinin tədris saatları artırılmalıdır. Burada məktəbin gürcüləşdirilməsindən yox, sadəcə, gürcü dilinin tədrisinə diqqət yetirilməsindən söhbət getmir. Biz vaxtı ilə ortaq Azərbaycan-Gürcüstan Universiteti layihəsi təklif etmişdik. Hətta Gürcüstan tərəfi buna torpaq da ayırmışdı. Təklif etmişdik ki, universitetdə iki dil, yəni Azərbaycan və gürcü dilləri avtoritet olsun. Hər iki xalqın biri-birinin dilini öyrənməsi qarşılıqlı inteqrasiya və etimad deməkdir. Bu addım iki dövlət arasında münasibətləri inkişaf etdirməklə yanaşı, eyni zamanda soydaşlarımızın Gürcüstan cəmiyyətinin daha üst qatında, vətəndaş cəmiyyətində təmsil olunmasına gətirib çıxara bilər. Bütün hallarda bu cür proqramları təqdir edirəm”.

İsmayıl