Zukerberqi qınamağa haqqımız yoxdur
Mark, feysbuku bağlaya da bilər, çünki məsələ sırf onun mənfəəti və idealları ilə bağlıdır
Feysbuk sosial şəbəkəsi kənar tədbiqlər tərəfindən istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoymaq niyyətindədir.
Şəbəkə Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı "trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb. Feysbukun sahibi Mark Zukerberq həmin "trol fabrikinə” bağlı 270 hesabın bağlandığını deyib.
Zukerberq həmin hesabların Rusiya feysbuk istifadəçilərinə və onun qonşularına - Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul olduğunu qeyd edib.
Zukerberqə görə, bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. Hətta bu mərkəzin 2016-cı il prezident seçkiləri zamanı ABŞ seçicilərinin mövqeyinə təsir göstərdiyi və saxta hesablar üzərindən Hillari Klintonun əleyhinə təbliğat apardığı iddia edilir.
Bildirib ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib. Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb. Zukerberq deyib ki, feysbuk istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi alət üzərində işləyir.
Feysbuk üzərindən insanların mövqeyi ilə manipulyasiya edilməsi probleminin son illər aktuallaşdığını vurğulayan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, İnternet Forumun prezidenti Osman Gündüz də deyib ki, ictimai rəyi çaşdırmaq, informasiyanı manipulyasiya etmək və yanlış fikir formalaşdırmaq üçün sosial media resurslarından istifadə etməyin mümkün olduğu öz təsdiqini tapdı:
- Sosial medianın verdiyi imkanlar, saxta hesablar açmaq hesabına kampaniyalar aparılır və ictimai rəyə yanlış informasiyalar ötürülür. Yaradılan feyk hesablar vasitəsilə məqsədyönlü paylaşımlar edilir, sorğular keçirilir. Yüzminlərlə insan gecə-gündüz bu işlə məşğul olur ki, baş verən hadisələr bunların yönləndirdikləri istiqamətdə inkişaf etsin. Sosial media resurslarının sahibləri də artıq bu prosesi aşkara çıxardıqlarından müxtəlif proqramlar yaradıb, alqoritm qurmaqla həmin paylaşımların hansı səhifədən yayıldığını, kimlərin həmin paylaşımları bəyəndiyini tapırlar. Atılan addımlar feysbukun qaydalarına zidd olduğu üçün də Zukerberq həyəcan təbili çalaraq qabaqlayıcı tədbirlər görməyə başlayıb.
O.Gündüzün sözlərinə görə, sosial şəbəkələrdə bu cür manipulyasiyaların qarşısını birdəfəlik almaq üçün feysbuk administrasiyasının rəhbərliyi ciddi-cəhdlə çalışırlar: "Markın özü də son bir neçə gündə açıqlamalar yayır, müəyyən dinləmələrdə iştirak edir, buraxılan səhvləri etiraf edir. Artıq onlar feysbuk üzərindəki nəzarəti gücləndiriblər. Əvvəllər istifadəçilərin mobil tətbiqlər yazması və həmin tətbiqi feysbukun məlumat bazasına qoşması asan bir şey idi. Bu vaxt həmin istifadəçi feysbukun bazasındakı bütün məlumatlardan istifadə edə bilirdi. Ancaq indi həmin bazaya qoşulmağa icazə verilmir. Görünür, qaydalar bundan sonra daha da sərtləşəcək”.
Mərkəz rəhbəri hesab edir ki, sosial mediadan məlumat sızmasının qarşısının alınması üçün keçirilən tədbirlərin ziyanlı tərəfi də olacaq. Xüsusən də insanlara fayda verə biləcək mobil tətbiqləri də bazaya qoşmaq mümkün olmayacaq, yəni "qurunun oduna yaş da yanacaq”.
Millət vəkili Fazil Mustafa Zukerberqin narahatlıqlarının əsaslı olduğunu deyib və hesab edir ki, onun bu qabaqlayıcı addımlarını qınamaq haqqımız yoxdur. Mark, feysbuku bağlaya da bilər, çünki məsələ sırf onun mənfəəti və idealları ilə bağlıdır:
"Təklif olunan hər bir malın sahibi var. Feysbukun da bütün səlahiyyətləri Marka aiddir. Mark onu bizə hansı formada təklif edirsə, biz də o formaya uyğun qəbul etməliyik. Əks halda iştirak edib-etməmək öz seçimimizdir. Zukerberqin təhlükəsizlik, yoxsa siyasi maraqları naminə belə bir addım atması bizi maraqlandırmamalıdır. Bizi düşündürən odur ki, atılan addımlar sosial şəbəkə istifadəçilərinin hüquqlarını nə dərəcədə məhdudlaşdıracaq? Biz bir müştəri kimi sadəcə öz fəaliyyətimizi tənzimləmək hüququna sahibik. Əgər Zukerberq trolların feysbuk vasitəsilə istifadəçilərə təsir edib, onların fikirləri ilə manipulyasiya etdiyini ciddi bir təhlükə kimi görübsə, həmin səhifələri bloklamasını haqlı hesab edirəm”.
İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlunun "Sherg.az”a açıqlamasına görə, Azərbaycana qarşı feysbukda trolların aktivləşməsinin məqsədi informasiya müharibəsində süni üstünlüyün əldə edilməsidir. O, diqqətə çatdırıb ki, süni şəkildə təlimatlandırılmış istifadəçilər hazırlanmış kontekstləri onlarla saxta profillər vasitəsilə yayımlayır:
"Azərbaycanda belə fəaliyyətlə məşğul olan qüvvələr kütləvi deyil. Əvvəllər müxalifət partiyaları sosial şəbəkə hesablarındakı sosial bazanı süni şəkildə şişirtmək üçün belə üsullara əl atırdılar. Müxalifət rəhbərlərinin statuslarına, paylaşımlarına yazılan şərhləri oxuduqda aydın olurdu ki, əksəriyyət öyrədilmiş, hazır kontekstlərdir. Təbii olaraq, bu saxta profilləri də konkret şəxslər idarə edirdi. Bu trollar sonradan özünü doğrultmadı, çünki ölkəmizdə feysbuk istifadəçiləri ayıq-sayıqdırlar”.
C.İsmayıloğlu həmin trollara qarşı virtual mübarizənin qurulması üçün təkliflərini də səsləndirib: "Sosial şəbəkələrdə maarifləndirmə işləri aparmalıyıq ki, hər hansı trolların fəaliyyətinə ehtiyac olmasın. Öz gənclərimizin potensialından istifadə edib, onların informasiya müharibəsində trollarla mübarizəsini təşkil edə bilsək, üstünlüyə nail olarıq. Azərbaycanlı gənclər də bu proseslərdə aktivdirlər. Məsələn, Xocalı soyqırımı, 31 Mart qırğını, 20 Yanvar faciəsi və s. hadisələrin ildönümündə istifadəçilərin öz iradəsi ilə paylaşılan informasiyalar üstünlük təşkil edir. Demək olar, hər kəs belə günlərdə şəkillər, videolar, məlumatlar paylaşır. Bu, gənclərimizdəki həssasiyyətin göstəricisidir. Müəyyən haştaqlar yaradılır, bunların üzərində gənclər öz fikirlərini ifadə edir, sosiallaşdırır. Hətta bəzi məqamlarda düşmən tərəfindən yaradılan haştaqlar onun özünə qarşı yönəldilir. Gənclər elə məharətlə virtual hücuma keçirlər ki, düşmən bunları yaratdığına peşman olur. Bir müddət öncə qondarma erməni soyqırımı ilə bağlı ermənilər sosial şəbəkədə haştaq yaratmışdı. Amma həmin haştaq elə boykot edildi ki, informasiyaları açıb oxuduqda, düşmənin əleyhinə məlumatlar qarşımıza çıxırdı. Bütün bunlar azərbaycanlı və türk gənclərin öz iradəsi ilə həyata keçirilib.
Bir qədər də maarifləndirmə aparmalıyıq ki, istifadəçilər öz işlərini daha effektli şəkildə həyata keçirsinlər. Hətta bunu mərkəzləşdirib, idarə etmək də mümkündür”.
Sosial şəbəkələrdə düzgün istifadə məsələsinə gəlincə, mütəxəssis onu da əlavə edib ki, Azərbaycan həqiqətlərinin virtual şəkildə, sosial şəbəkələr üzərindən dünyaya çatdırılması baxımından xüsusi layihələrə böyük ehtiyac var: "Təəssüf ki, Azərbaycanda tvitter sosial şəbəkəsi geniş yayılmayıb. İstifadəçilər bu şəbəkədən düzgün yararlana bilmir. Halbuki beynəlxalq məkanda daha çox söz sahibi olan şəbəkələrdən biri elə tvitterdir. Hətta dünya mediası çox zaman bu şəbəkədə paylaşılan məlumatlara istinad verir.
Azərbaycanlı istifadəçilər sosial şəbəkə profillərini bir-biri ilə əlaqələndirir. Məsələn, feysbukda paylaşdıqları informasiya tvitterdə də yayımlanır. Bu, effektiv vasitə deyil. Bütün sosial şəbəkələrdən effektli istifadə etmək, informasiya müharibəsində aktiv iştirak etmək istəyən gənclər hər şəbəkədə ayrıca hesabını yaratmalı, müxtəlif dillərdə, dünyada trend olan haştaqlar altında informasiyaları paylaşmalıdır. Müəyyən hədəf olmalı, hər kəs buna yönəlməlidir”.
Şəymən