Araşdırılmamış ailəyə uşaq etibar etmək təhlükəlidir - Mehriban Zeynalova

Övladlığa verilən uşaqlar yenidən eyni zorakılıq riski ilə üzləşə bilər

Mehriban Zeynalova: “Bu boşluqlar aradan qaldırılmasa, eyni faciələr təkrarlanacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 70 uşaq övladlığa verilib. Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 34-ü qız, 36-sı oğlandır. "Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir. Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər. 

Övladlığa verilən uşaqların himayədar ailədəki vəziyyətini müəyyən etmək üçün, ilk vaxtlar rüblük, sonrakı illərdə ildə bi dəfə monitorinq aparılması yetərlidirmi?  

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, övladlığa uşaq verilməsi bir qədər uzun prossesdir: 



- Uşaqların övladlığa verilməsi ailə institutunun gücləndirilməsi baxımından müsbət addımdır. Uşaq ailədə böyüməlidir. Amma uşaq övladlığa verilməzdən öncə ailə barədə ciddi araşdırma aparılır. Araşdırma aparmadan, ailənin vəziyyətini, təkcə maddi deyil, mənəvi-psixoloji durumu öyrənmədən uşağı kiməsə etibar etmək düzgün deyil. Onsuz həmin uşaq doğulduqdan sonra öz ailəsində ayrı-seçkiliyə, qeyri-insani münasibətə məruz qalıb. Yeni ailədə də eyni problemlə qarşılaşmamaqdan ötrü yoxlama prossesləri mütləqdir. Həmin uşaqların yenidən öz ailələrinə geri qaytarılmasına gəldikdə isə bu da araşdırılır. Bununla bağlı İcra Hakimiyyətləri və Sosial Xidmətlər Agentliyi birgə monitorinq aparır. Bu prosses də uzunmüddətli olmalıdır. Təəssüf ki, uşaq ailəyə qayıtdıqdan sonra valideynlərlə psixoloji danışıqlar aparılmır. Bu halda da yenidən eyni problemlər baş verəcək. Ona görə də burada bəzi boşluqlar var. Bəzi hallarda uşaqlar özləri doğru məlumatlar verməyə bilər. Bəlkə ailədən ayrılmaq istəyirlər, müstəqil yaşamaq istəyirlər. Əlbəttə, bu, yuxarı yaş həddində olanlara aiddir. Belə olduqda daha ciddi araşdırma, tədqiqat tələb olunur. Sosial işçilər vəziyyəti dəqiq analiz etməlidir. Lakin azyaşlı zorakılığa məruz qalırsa, valideynlərlə danışıqlar aparılmalı, sosial iş gücləndirilməlidir. Övladlığa, himayəyə verilən uşaqların maddi vəziyyəti, geyimi, qidalanmasına ciddi yanaşılmalı, dövlətin ayırdığı müavinətin təyinatı üzrə xərcləndiyinə əmin olmaq lazımdır.