“Süni intellekt din adına səhv fətvalar verə bilər” - ilahiyyatçı

  • "Süni intellektin ruhani məsələlərdə rəhbər olması mümkün deyil”

Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir: “Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”.

İlahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, süni intellektin dini sahədə tətbiqi həm böyük maarifləndirmə imkanları, həm də şəriət hökmlərinin təhrif olunması kimi ciddi risk və təhdidlər yaradır. İlahiyyatçı hesab edir ki, sərhədsiz şəkildə bu yenilikdən istifadə müəyyən ziddiyyətlər meydana gətirə bilər:

“Elə bu səbəbdən, dini liderlərin vahid mövqe nümayiş etdirməsi üçün müftilərin xüsusi görüşünün keçirilməsi zərurəti yaranıb. Süni intellektin dini sahədə yaratdığı imkanlar və bəzi risklər var. İnsanlar dini suallarına saniyələr içində cavab tapa və müxtəlif dillərdə məlumat əldə edə bilirlər. Qədim əlyazmaların, hədis külliyyatlarının və Quran təfsirlərinin sürətlə analiz edilməsi, rəqəmsallaşdırılması asanlaşır. Dini dəyərlərin yeni nəslə rəqəmsal platformalar vasitəsilə daha anlaşıqlı və interaktiv şəkildə çatdırılmasına şərait yaradır. Eyni zamanda bəzi iddialara görə süni intellekt real araşdırma və şəriət qaydalarına (istinbat) tam əsaslanmır. Onun verdiyi cavablara görə heç bir hüquqi və ya mənəvi məsuliyyət daşıyan şəxs yoxdur. Bəzən süni intellekt alqoritmləri internetdəki etibarsız və ya uydurma mənbələrdən bəhrələnərək din adına səhv fətvalar verə bilər. Din təkcə quru informasiya deyil, həm də mənəvi bağdır. Sİ-nin insan duyğularından və dini təqvadan məhrum olması onun ruhani məsələlərdə rəhbər olmasını qeyri-mümkün edir. Bu məsələ bu günlərdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderlərinin 7-ci Görüşündə irəli sürülüb. Belə bir fikir qeyd olunub ki, cəmiyyətdə Sİ-dən istifadənin şəriət baxımından sərhədlərinin hara qədər olması ilə bağlı aydınlığa ehtiyac var. İslam dini tərəqqinin əleyhinə deyil və texnologiyadan istifadəni caiz hesab edir. Lakin bunun çərçivəsini, yəni Sİ-nin harada köməkçi vasitə ola biləcəyini, harada isə qətiyyən fətva verə bilməyəcəyini din alimləri birgə müəyyənləşdirməlidir. Məhz bu kimi məsələlər müftilərin görüşüb müzakirə etməsini zəruri edir”.

Bununla belə T. İrfan qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin bu görüşü normal təşkil etməməsi, müstəqil ilahiyyatçı, alimləri həmişəki kimi uzaqlaşdırması, yeni fikir sahibi, müasir texnologiyalarla əlaqəli araşdırmalara sahib olan dinşünasların fikirlərinə ögey yanaşması, kobud şəkildə ayrıseçkilik yaratması dini tolerantlığımıza, multikultural dəyərlərin inkişafına xələl gətirən amillərdəndir:

“Burada təkcə müftilərin yox, ümumiyyətlə müstəqil dinşünasların da fikri, rəyi, məsələyə baxış bucağı önəmlidir. Ona görə ki, çox zaman insanlar rəsmi müftilərdən daha çox həmin müstəqil dinşünaslara etibar və etimad edirlər. Süni intellektlə bağlı belə bir müasir mövzulu tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin məzhəb ayrıseçkiliyi, anti-tolerant davranışlar sərgiləməsi qəbuledilməzdir. Din vəhdət və məhəbbət deməkdir, kin və küdurət deyil. Ona görə də tədbirin təşkil olunması mövzusuna, mahiyyətinə, ən əsası dinimizin mahiyyətinə uyğun olmalıdır”.