“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb
18:40 28.11.2020
Cəmiyyət
500
“Associated Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.
AZƏRTAC xəbər verir ki, reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.
Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalmışdır. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buraya gələnlər əllərində güllər, oyuncaqlar gətirirlər.
Şairə Quliyeva adlı sakin qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır: “O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?”.
Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir: “Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq”.
Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.
Azərbaycan rəsmiləri Gəncəyə “SCUD” raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından cəsədlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.
Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb. Bu hadisə Bakıda böyük qələbə kimi qeyd olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət