Minlərlə gəncimiz müharibəyə könüllü qatılıb

Onları incitmək, gözlətmək yaxşı hal deyil

"Müharibə veteranı" statusunu həll etmək mümkün idi. Belə məsələlər uzandıqca dövlət qurumları özləri əziyyət çəkirlər"

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev könüllülərə “Müharibə veteranı” statusunun verilməməsi ilə bağlı sosial şəbəkədə yer almış iddialara aydınlıq gətirib. Nazir deyib ki, bu məsələdə hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur. Onun sözlərinə görə, müharibə iştirakçısının konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib: “Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”. 

S.Babayev qeyd edib ki, mart ayından Müdafiə Nazirliyi üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla bilər: “Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır. Mart ayından Müdafiə Nazirliyi üzrə şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır”. Məlumat üçün bildirək ki, “Müharibə veteranı” adı verilmiş şəxslərə 80 manat müavinət verilir. İndiyə qədər 6 qurum üzrə “Müharibə veteranı” statusu təyin edilib və onlara aylıq təqaüdün verilməsinə başlanılıb. 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında veteranlıq almaqla bağlı prosesin çox yubandığını söyləyib. Ekspert bildirib ki, müharibə 2020-ci ildə başa çatıb və üzərindən xeyli zaman keçib: 

“Ən azından veteranlıq məsələsini daha tez həll etmək mümkün idi. 

Belə məsələlər uzandıqca dövlət qurumları özləri əziyyət çəkirlər. Heç kim vətəndaşları öz haqlarını tələb etdiklərinə görə qınaya bilməz. İnsanları başa düşmək lazımdır. 

Minlərlə gəncimiz müharibəyə könüllü qatılıb. Hamısı ön xəttə aparılmasa da, təminatda, təchizatda, mühafizədə və s. bölmələrdə xidmət göstəriblər. 

Onları incitmək, gözlətmək yaxşı hal deyil. Problemi vaxtında həll etmək lazımdır ki, könüllülərin şikayətləri də aradan qalxsın. Məsələnin çözümü o qədər də mürəkkəb olmamalıdır. 

Ödənişlərin yanvar ayından hesablanması müsbət qərardır. Müharibədə döyüşənlər arasında ayrıseçkiliyə yol verilməməlidir. 

Sənədləşmə işlərinin, texniki prosedurun yubanmasının günahını veteranların üzərinə qoymaq olmaz. Mən bu məsələdə haqqı vətəndaşa, müharibəyə qatılmış könüllülərə verirəm. Onlar Vətən, dövlət və millət qarşısında öz borclarını yerinə yetiriblər”.