Psixoloqdan xəbərdarlıq edir ki, Novruz ənənələrinə maraq azalır, simvolik dəyər unudulur
Hər bir xalqın milli bayramı həm də onun milli varlığının ifadəsini göstərir, bir xalq kimi bütövlüyünün, mütəşəkkilliyinin göstəricisi kimi onu təsbit edir. Xalqımızın etnik-milli kimliyinin əsas göstəricilərindən biri kimi belə bayramların başında il dəyişməsi ilə müşayiət olunan Novruz bayramı gəlir. Novruz bayramı xalqımızın milli ruhunun, yaşamının təcəssümüdür.
Lakin son illər Novruz bayramına və bayrama qədər qeyd olunan çərşənbələrə qarşı münasibət dəyişib. Novruz bayramı və çərşənbələrin əvvəlki illərlə müqayisədə daha zəif keçirildiyi, tonqalların, məhəllə şənliklərinin və bəzi adətlərin tədricən azaldığı barədə fikirlər səslənir. Bəzi mütəxəssislər bunu urbanizasiya, həyat tərzinin dəyişməsi və sosial şəbəkələrin təsiri ilə əlaqələndirirlər.
Psixoloq Aytən Ələkbərova “Sherg.az”a açıqlamasında deyib ki, milli və dini adət-ənənələrə yanaşarkən məsələyə yalnız şəxsi və subyektiv fikirlər prizmasından deyil, obyektiv yanaşmaq lazımdır. Onun sözlərinə görə, son illər çərşənbələrin əvvəlki kimi keçirilməməsi daha çox həyat tərzində baş verən dəyişikliklərlə bağlıdır:
“Bu gün artıq “Z nəsli”nin dövrüdür və nəsillərarası dəyişikliklər də adətlərin yaşanma formasına təsir göstərir. “Qaloş dövrü”dən “Keta” dövrünə keçmişik. Sosial şəbəkələrdə yayılan bəzi videolar və rəylər də göstərir ki, bəzi insanlar artıq adətlərin mənasına skeptik yanaşmağa başlayıb. Məsələn, tonqal üzərindən tullanmaq kimi ənənələrə münasibətdə bəziləri bunun simvolik məna daşıdığını unudaraq daha çox ironik və ya tənqidi yanaşma sərgiləyir, “guya tonqalın üstündən hoppanıb, ağırlığım- uğurluğum bu ildə qalsın deməklə nə olur ki!?” kimi fikirlər səsləndirirlər”.
Bununla belə, psixoloq hesab edir ki, milli bayramların yaşadılması üçün müsbət tendensiyalar da mövcuddur: “Xüsusilə işğaldan azad edilmiş torpaqlarda Novruz tonqallarının qalanması və bayram tədbirlərinin keçirilməsi cəmiyyət üçün böyük mənəvi əhəmiyyət daşıyır. Uzun illərdən sonra həmin torpaqlarda bayramın qeyd olunması insanlarda həm qürur, həm də sevinc hissi yaradır. O qeyd edib ki, müxtəlif rayonlarda icra hakimiyyətləri tərəfindən təşkil olunan bayram tədbirləri, konsert proqramları və məktəblilərin bu prosesə cəlb edilməsi də adət-ənənələrin yaşadılması baxımından mühüm rol oynayır. Bayram ənənələrinin gələcək nəsillərə ötürülməsində ailənin rolu xüsusilə vacibdir. Bəzən valideynlər uşaqların çərşənbə günlərində tonqal üçün taxta və çör-çöp toplamasından narahat olur, onların üst-başının çirklənməsindən gileylənirlər. Lakin mən belə hallarda valideynlərə səbirli olmağı tövsiyə edirəm. Uşaqların bu prosesdə iştirak etməsi onların bayramı daha böyük həvəslə gözləməsinə səbəb olur. Gün ərzində tonqal üçün hazırlıq görən uşaqlar axşam tonqal ətrafında toplaşaraq birlikdə sevinir, bu da onların yaddaşında xoş xatirələr kimi qalır”.
A. Ələkbərova vurğulayıb ki, belə mühitdə böyüyən uşaqlar gələcəkdə də milli adət-ənənələrə daha bağlı olur və bu dəyərləri öz övladlarına da ötürürlər:
“Ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti milli dəyərlərin qorunub saxlanılmasında əsas amillərdən biridir. Novruz bayramı təkcə yerli əhali üçün deyil, xarici turistlər üçün də böyük maraq doğurur. Bir çox turistlər məhz bu dövrdə Azərbaycana gəlməyə üstünlük verirlər, çünki burada bayram xüsusi ab-hava ilə qeyd olunur. Lakin son illər bizim bəzi imkanlı şəxslərin və vəzifəli insanların Novruz tətilini ölkə xaricində keçirməsi mənfi tendensiyaya çevrilib. Belə hallar cəmiyyətdə bayram ənənələrinə marağın zəifləməsinə təsir göstərir. Valideynlərin bu bayrama münasibəti uşaqlara da təsir edir və onlar da milli dəyərlərə eyni yanaşmanı formalaşdırırlar. Milli adət-ənənələrin yaşadılması üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə iştirak etməli, xüsusilə gənc nəslə bu dəyərlərin mənası və əhəmiyyəti düzgün şəkildə izah olunmalıdır. Bu istiqamətdə görülən işlər davam etdikcə, Novruz bayramı və çərşənbə ənənələri gələcək nəsillər arasında da öz aktuallığını qoruyub saxlayacaq”.