Ailədə eşidilən bir söz, məktəbdə verilən ləqəb, sosial şəbəkələrdəki filtrlər və ekranlarda nümayiş olunan qüsursuz simalar uşaqların gözəllik anlayışına təsir göstərir. Hələ öz bədənlərini tanımağa çalışan uşaqlar artıq müəyyən edilmiş gözəllik standartları ilə üzləşirlər.
Sherg.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) 2024-cü il məlumatlarına əsasən, 6-15 yaşlı uşaqların 66,1 faizi sosial şəbəkələrdən istifadə edir. Bu göstərici 6-10 yaş qrupunda 53,5 faiz, 11-15 yaş qrupunda isə 79 faiz təşkil edir. Sosial şəbəkələrdən istifadə edən uşaqların 97,9 faizi bu platformalara müntəzəm daxil olur.
2025-ci ildə “SAGE Open” jurnalında dərc olunan və İtaliyada 10-12 yaşlı 2378 uşaq arasında aparılan araşdırma da görünüşü dəyişdirən filtrlərlə bədən məmnuniyyəti arasında əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, bu filtrlərdən istifadə meyli artdıqca uşaqların öz bədənlərindən məmnunluğu azalır.
Uşaq və yeniyetmə psixiatriya mütəxəssisi, doktor Ayşegül Tonyalı bildirib ki, filtrlənmiş görüntülərə alışan uşaqlar zamanla təbii görünüşlərindən narazı qala, dostları ilə görüşmək və hətta evdən çıxmaq istəməyə bilərlər.
Onun sözlərinə görə, sosial şəbəkələrdə müəyyən üz və bədən quruluşlarının davamlı şəkildə gözəllik nümunəsi kimi təqdim edilməsi uşaqların özlərini həmin standartlarla müqayisə etməsinə səbəb olur. Kiçik burun, dar çənə, müəyyən göz forması və qüsursuz dəri kimi xüsusiyyətlər onlar üçün dəyişməz gözəllik meyarına çevrilə bilər.
Tonyalı alqoritmlərin də bu prosesi gücləndirdiyini vurğulayıb. Belə ki, sosial şəbəkələr istifadəçilərin yalnız bəyəndiyi və paylaşdığı deyil, daha uzun müddət baxdığı görüntüləri də nəzərə alır. Nəticədə uşaqların qarşısına oxşar məzmunlar daha tez-tez çıxır.
Mütəxəssisin istinad etdiyi araşdırmaya görə, uşaqlar üçün yaradılan bəzi hesablarda 2-3 həftə ərzində bədən görünüşü, xarici görünüş və filtrlənmiş fotolarla bağlı paylaşımlar tövsiyə olunan məzmunun 40-50 faizini təşkil edə bilir.
Tonyalı filtrlərin sadəcə fotoları dəyişdirən rəqəmsal vasitələr olmadığını bildirərək məsələyə belə münasibət bildirib: “Bu, təkcə filtrlər məsələsi deyil. Əslində, xarici dünyanı filtrlər vasitəsilə görmək tərzidir”.