ABŞ bu dəhlizin təhlükəsiz və etibarlı işləməsini təmin etməklə, Cənubi Qafqazda iqtisadi və geosiyasi təsirini artırmaq istəyir
ABŞ nümayəndələrinin Cənubi Qafqaza səfərləri regionda diqqət mərkəzindədir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin fevralın 9-da Ermənistana gözlənilən səfərinin əsas gündəmi TRIPP/Zəngəzur dəhlizi layihəsinin işə salınmasıdır.
Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, layihənin icrası üçün məsul şirkətin yaradılması, idarəetmə və nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi, maliyyələşmə və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
Səfər çərçivəsində həmçinin ABŞ-Ermənistan arasında dinc nüvə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri də gündəmə gələcəyi gözlənilir.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında bildirib ki, Devid Vensin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində Zəngəzur dəhlizinin TRIPP marşrutu ilə bağlı əldə olunan razılaşmalarının icrası istiqamətində müvafiq danışıqlar aparılacaq.
"Layihənin texniki və institusional bazasının yaradılması, eləcə də tikintinin mərhələli şəkildə həyata keçirilməsi üçün atılmalı olan addımların müzakirəsi və razılaşdırılması şərtdir.
Lakin ABŞ üçün Vensin səfəri sadəcə ABŞ-Ermənistan münasibətlərini inkişaf etdirməkdən ibarət deyil. Səfər özündə daha geniş məqsəd daşıyır. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın, Ermənistanın və hətta Gürcüstanın tranzit imkanlarını birləşdirən vacib geoiqtisadi arteriyadır. ABŞ bu dəhlizin təhlükəsiz və etibarlı işləməsini təmin etməklə, Cənubi Qafqazda iqtisadi və geosiyasi təsirini artırmaq istəyir. Eyni zamanda, dəhlizin fəaliyyəti ABŞ-nin regional enerji və nəqliyyat təhlükəsizliyi maraqlarına xidmət edir. Digər mühüm aspekt geosiyasi balansla bağlıdır. ABŞ Ermənistana olan Rusiya və İran təsirinə qarşı müəyyən tarazlıq yaratmaq niyyətindədir. Bu, ABŞ-nin bölgədəki strateji mövqeyini gücləndirmək baxımından olduqca vacibdir".
Politoloq səfər çərçivəsində nüvə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağına dair məlumatların olduğunu qeyd edib:
"Bu onu göstərir ki, söhbət təkcə texniki və elmi əməkdaşlıqdan deyil, həm də ABŞ-nin Ermənistanı strateji tərəfdaş kimi cəlb etməsi ilə bağlı uzunmüddətli plandan gedir. Belə yanaşma Vaşinqtonun İrəvan üzərində nüfuzunu artırmaq, eyni zamanda Ermənistanın Rusiya asılılığını azaltmaq məqsədi güdür.
Ermənistan üçün səfərin əhəmiyyəti həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik aspektlərində böyükdür. TRIPP/Zəngəzur dəhlizi ölkənin tranzit imkanlarını genişləndirir, gələcək iqtisadi fayda perspektivi yaradır. Eyni zamanda, ABŞ-nin layihəyə və texnoloji əməkdaşlığa cəlbi Ermənistana olan kənar təsirləri minimallaşdırmaq baxımından da önəm daşıyır".
Analitik Vensin Azərbaycan və Ermənistana səfərlərinin strateji baxımdan ABŞ-nin regional mövqeyini möhkəmləndirdiyini deyib:
"ABŞ-nin səfərləri regionda geosiyasi proseslərin gələcək istiqamətini müəyyənləşdirə biləcək vacib hadisə kimi qiymətləndirilməlidir".