"Heç kəs küçədə kitab satan yazıçıları qınaya bilməz” - Şərif Ağayar

"Reallığa əsaslansaq, Nizami Cəfərovun dediyi fikrə, əməl etmək mümkün deyil”

Akademik Nizami Cəfərovun “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında səsləndirdiyi “yazıçı öz kitabını küçədə sata bilməz, satmamalıdır” fikirləri ədəbi mühitdə ciddi müzakirələrə səbəb olub.

Məsələyə cavab olaraq, yazıçı Kəramət Böyükçöl Modern.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə yazıçının küçədə kitab satmaqdan başqa çıxış yolu yoxdur. Onun sözlərinə görə, ailəsinin və övladlarının bütün ehtiyacları indiyədək kitab satışından əldə olunan gəlir hesabına qarşılanıb.

Mövzu ilə bağlı yazıçı Şərif Ağayar Sherg.az-a açıqlamasında küçədə kitab satmağın arzuolunan olmadığını bildirsə də, bu yanaşmanın yalnız müəyyən şərtlər formalaşdığı təqdirdə əsaslı ola biləcəyini vurğulayıb:

“Yazıçıya küçədə kitab satmağın yersiz olduğunu demək üçün əvvəlcə ölkədə kitab sənayesi, nəşriyyat sistemi və geniş yayım şəbəkəsi qurulmalıdır. Bakıda kitab mağazalarının sayı azdır. Mövcud mağazalar isə sərfəli şərtlərlə fəaliyyət göstərə bilmir. Yazıçılara və kitab satışına, misal üçün, Tiflisdə olduğu kimi münasib mühit yaradılmadan, yazıçıları qınaya bilmərik. İndiki şəraitdə kitab mağazaları obyektiv səbəblərdən kitabların üzərinə yüksək faiz qoymağa məcbur qalır. Alıcılıq qabiliyyətinin aşağı olması, rəqabət mühitinin olmaması və güzəştlərin tətbiq edilməməsi nəticəsində nə nəşriyyat, nə də yazıçı qazanc əldə edə bilir. Mövcud şəraitdə nəşriyyat öz faizini, kitab mağazası isə ayrıca payını götürür. Yazıçıya isə demək olar ki, heç nə qalmır. Bu reallığa əsaslansaq, Nizami Cəfərovun dediyi fikrə, əməl etmək mümkün deyil”.

Yazıçı xatırladıb ki, vaxtilə kitab sənayesinin inkişafına cavabdeh olmuş şəxslərdən biri də, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş Nizami Cəfərovdur:

“Axı biz Azərbaycanda kitab sənayesinin, yayım şəbəkəsinin qurulması, kitab mağazalarının inkişafı üçün nə etmişik? Bu sahədə sistemli və ardıcıl addımlar atılmayıb. Elə bil dəmir yolunu çəkməmişik, sonra da millətə deyirik ki, niyə piyada gedirsiniz? Dəmir yolu, vaqon yoxdursa, insanlar məcburən ya at arabası ilə gedəcək, ya da piyada. Kitab üçün əlverişli şərait yaradılmadıqca, Azərbaycan kitab sənayesi qurulmadıqca “yazıçı küçədə kitab satmamalıdır” demək doğru yanaşma deyil. Tarix də bunun nümunələrini göstərir. Biz istərdik ki, Məhəmməd Hadi əlyazmalarını satsın? O da buna məcbur qalmışdı. Hamının kənardan gəlir mənbəyi yoxdur. Bəzi yazıçılar üçün yeganə qazanc yolu məhz kitab satışıdır. Azərbaycanda tez-tez Qərb dəyərlərindən danışılır, lakin real vəziyyət bu iddialarla uzlaşmır. İddialarımız XXI əsrə aiddir, ancaq real durumumuz XIX əsr səviyyəsindədir. İddialarımızla imkanlarımız arasında 200 illik fərq var. Bu səbəbdən heç kəs küçədə kitab satan yazıçıları qınaya bilməz”.

Aybəniz Səfərova