300 telefon danışığı üzə çıxdı: İmamoğlu ilə “2–3 dəfə əlaqəmiz olub” demişdi...

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan keçmiş voleybolçu Dərya Çayırgan məhkəmə tərəfindən nəzarət şərti ilə azadlığa buraxılıb.

Sherg.az xəbər verir ki, İstintaq materiallarına daxil olan yeni məlumatlar isə Çayırganın Beylikdüzündə aldığı mənzil və Əkrəm İmamoğlu ilə əlaqələri ilə bağlı diqqətçəkən detalları ortaya çıxarıb.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı “İmamoğlu cinayət məqsədli təşkilat” istintaqı çərçivəsində Çayırgan “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddəsi üzrə ifadə verib. Məhkəmə onun barəsində “ev dustaqlığı” və “ölkədən çıxış qadağası” tətbiq edib.

Məlumata görə, Dərya Çayırgan Beylikdüzündə yerləşən bir yaşayış layihəsindən 3+1 mənzil alıb. O, ifadəsində mənzil üçün iş adamı Adəm Kameroğlu ilə 4 milyon 100 min TL-yə razılaşdığını bildirib. Lakin MASAK hesabatına əsasən, mənzil üçün ödənilən real məbləğ 1 milyon 465 min 930 TL olub. Hazırda həmin mənzilin bazar dəyəri 12,5–13,5 milyon TL arasında qiymətləndirilir.

Adəm Kameroğlu isə “effektiv peşmanlıq” çərçivəsində verdiyi ifadədə, bəzi mənzilləri bələdiyyə ilə əlaqəli şəxslərə ciddi endirimlə satmağa məcbur edildiyini bildirib.

Dərya Çayırgan ifadəsində Əkrəm İmamoğlu ilə cəmi 2-3 dəfə ünsiyyətdə olduğunu desə də, istintaq çərçivəsində araşdırılan HTS qeydləri fərqli mənzərə ortaya qoyub. Qeydlərə görə:

Çayırgan ilə Əkrəm İmamoğlu arasında birbaşa 300 telefon danışığı,

Çayırgan ilə İmamoğlunun mühafizəçisi Mustafa Akın arasında isə 570 əlaqə qeydə alınıb.

Beləliklə, ümumilikdə 870 telefon əlaqəsi müəyyən edilib.

İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı istintaqı davam etdirir. Dərya Çayırgan adli nəzarət altında azadlıqda qalır və proses araşdırılmaqda davam edir.