ABŞ Ərəb dənizində itkin düşən hərbçinin axtarışını dayandırdı

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində qəzaya uğrayan hərbi helikopterdən sonra itkin düşən dənizçinin axtarış-xilasetmə əməliyyatını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçi iyulun 1-dən etibarən itkin düşmüş hesab olunur. O, MH-60S tipli helikopterin Ərəb dənizinə düşməsi nəticəsində yoxa çıxıb.

Məlumata görə, iyulun 5-dən etibarən aktiv axtarış əməliyyatı dayandırılıb. Hərbçilər 102 saatdan artıq davam edən axtarışlar zamanı 36 min kvadratkilometrdən çox ərazini yoxlayıblar.

Qeyd edək ki, qəzaya uğrayan helikopter ABŞ-nin "George H. W. Bush" aviadaşıyıcı zərbə qrupunun tərkibində fəaliyyət göstərirdi. Qəza zamanı ekipajın dörd üzvündən üçü xilas edilib.