Ali Satan: Türkiyə Fələstində iki dövlətli həll yolunu müdafiə edir

 Papanın da bunu dəstəkləməsi vacib və mənalıdır

Yaxın Şərqdə baş verən hadisələr bölgədə gərginliyi artırır. 

Roma Papası XIV Leo Türkiyədən Livana səfəri zamanı Fələstin dövlətinin yaradılmasını Yaxın Şərq münaqişəsinin mümkün həlli kimi təqdim edib. Papa səfərin əsas məqsədinin regionda sülh mesajı vermək olduğunu bildirib. O, Türkiyənin dini birgəyaşayış nümunəsini önəmli siqnal kimi qiymətləndirib və həm İsrail, həm də fələstinlilərlə əlaqələrdə vasitəçilik rolunu oynayacağını qeyd edib.

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a açıqlamasında Papanın bu günə qədər İsrailin hücumlarına kifayət qədər etiraz etmədiyini söyləyib:

"İsrailin Fələstindəki müsəlmanlara və xristianlara, eləcə də onların bütün müqəddəs bildikləri məkan və tikililərə hücum edir. Təl-Əviv insanlığın əsrlər ərzində inkişaf etdirdiyi və üzərində razılığa gəldiyi “insani dəyərləri” görməzdən gələrək insanlığa qarşı cinayətlər törədib və törətməkdədir. Təəsüf ki, Papa indiyə qədər İsrailin hücumlarına kifayət qədər etiraz etmədi. Ümid edirəm ki, bu səfər Papanın və bütün xristian dünyasının daha həssas siyasət yürütməsinə səbəb olacaq. Yada salaq ki, Prezident Ərdoğan mətbuat konfransında Almaniya kansleri ilə söhbətində “Kilsələr dağıldıqda, bir xristian olaraq narahat olmursunuzmu?”,-deyə soruşdu".

Ekspert Türkiyənin Fələstində iki dövlətli həlli müdafiə etdiyini qeyd edib:

"Ədalətli və davamlı sülh üçün Fələstin müsəlmanlarının sərhədləri ən azı 1967-ci il BMT qərarında göstərilən ərazilər olmaqla bir dövlət yaratmaları məqbul həll kimi qiymətləndirilir. Papanın da bunu dəstəkləməsi vacib və mənalıdır. Bundan sonra Papadan Tramp ilə görüşərək radikal yəhudiləri cilovlamasını gözləyirik. Artıq bölgəmiz qan və göz yaşı istəmir. İsrailin atəşkəsi pozmasına qarşı Dünya dövlətlərinin birgə iradə ortaya qoyması zəruridir. Ümid edirik ki, Papanın bölgəyə səfəri bu prosesə töhfə verəcək".