Çünki Türkiyə özü artıq bu model qırıcılara marağını itirib
Almaniyada Olaf Şoltz hökumətinin “Tayfun” qırıcılarının Türkiyəyə satışına veto qoyduğu iddia edilib. Bu qərarın İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsi ilə əlaqədar qəbul edildiyi bildirilib. Qeyd edək ki, Almaniyada hazırkı hökumətin səlahiyyət müddəti rəsmən 15 gündən sonra başa çatır. “Tayfun” qırıcıları ilə bağlı dosye yeni koalisiya hökumətinin masasında olacaq. “Tayfun” təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunur.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, bu gün dünyada gedən proseslər nizamından çıxdığı kimi görünsə də, bu, ötəri haldır. Siyasi şərhçinin fikrincə, dünyanın güc mərkəzlərinin bir çox hallarda qəbul etdikləri qərarlar demokratik prinsiplər prizmasından deyil, sırf maraq pəncərəsindən baxılaraq qəbul edilir:
"Hazırda ABŞ Prezidenti D.Trampın qəbul etdiyi qərar və qanunlar da bu qəbildəndir. Eləcə də Almaniya hökumətinin "Tayfun" qırıcılarının Türkiyəyə satışına veto qoyması eyni dərəcəli addımdır. Almaniya hökuməti bu gedişlə guya "İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun azadlığa çıxmasına çalışır" görüntüsü yaratmağa çalışsa da, bu, necə deyərlər, yüngül hərəkətdir. Türkiyə və ABŞ F-35 müasir qırıcıların satışı məsələsini müzakirə etdiyi dönəmdə Almaniyanın qərarının heç bir əhəmiyyəti yoxdur. Çünki Türkiyə özü artıq bu model qırıcılara marağını itirib. Hesab edirəm ki, “Tayfun” qırıcılarının satışına qoyulan veto Türkiyəyə təsir vasitəsi olmayacaq. Bunu həm də onunla əsaslandırmaq olar ki, Avropanın Rusiyadan gələn təhdid və təzyiqlərə davam gətirməsi üçün mütləq mənada Türkiyəyə ehtiyacı var".
Ekspert vurğulayıb ki, ABŞ prezidentinin son bəyanatında qoşunların iki həftə ərzində Suriyadan tamamilə çəkilməsini söyləməsindən sonra Türkiyənin regionda rolu və təsiri daha da artacaq:
"ABŞ qoşunları Suriyadan çəkildikdən sonra NATO-nun missiyasını qardaş ölkə həyata keçirəcək. İsrail bu vəziyyətdən narazı olsa da, Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə ona Türkiyə lideri R.T.Ərdoğanla anlaşmağı məsləhət görmüşdü. Almaniya hökumətinin bu qərarının arxasında başqa məqam da var. Almaniya hökuməti Ukraynaya uzaqmənzilli raketlər və qırıcılar tədarük etmək qərarına gəlib. Bundan sonra Rusiya Almaniyanı "münaqişə tərəfi" kimi tanıyacağı ilə hədələyib".