Analitik: ABŞ-dən sonra Alyansı Türkiyə də tərk edə bilər

Turan Rzayev: İspaniyanın NATO-nun prinsiplərinə əməl etdiyi halda uzaqlaşdırılmasını planlamaq gülüncdür

 ABŞ-nin NATO-dan çıxması nə hərbi, nə də siyasi baxımdan məqsədəuyğun hesab edilə bilər

ABŞ İran və İsrail arasında baş tutan müharibə NATO daxilində mübahisəli məsələləri gün üzünə çıxardı. Əslində NATO-ya üzv ölkələr arasında fikir ayrılığı ABŞ-nin Arktikada hərbi və strateji mövcudluğunu artırmaq istəyi üzərində cərəyan etməyə başlayıb. Qrenlandiya və İran ətrafında formalaşan strateji ziddiyyətlər isə NATO-nu daha da çalxalayıb. ABŞ prezidenti İrana qarşı hərbi əməliyyatda alyansa üzv ölkələri köməyə çağırsa da, imdadına yetən olmadı. Bundan qəzəblənən Tramp, NATO ölkələrini cəzalandırmağa başlayıb. ABŞ lideri bir tərəfdən alyansdan çıxma ehtimalını gündəmə gətirir, digər tərəfdən isə müharibədə ona dəstək olmayan ölkələri NATO-dan uzaqlaşdırmağı planlayır. Pentaqondan sızan sənəddə, İspaniyanın alyansdan kənarlaşdırılmasının vacibliyi qeyd olunub. Beynəlxalq mətbuatda geniş rezonans doğuran sənədə İspaniyanın reaksiyası da diqqət çəkib. Baş nazir Pedro Sançes, İrana qarşı hərbi əməliyyatı beynəlxalq hüquqa uyğun hesab etmədikləri üçün qoşulmadıqlarını açıqlayıb. Onun sözlərinə görə İspaniya NATO-ya sadiq olsa da, quruma üzv dövlətlərin hərbi əməliyyatını dəstəkləməyə məcbur deyil.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, NATO-nun prinsiplərinə görə üzv ölkələrin gücündən başqa dövlətə qarşı istifadə etmək beynəlxalq hüquqa zidd sayılır:

“Lakin alyansa daxil olan dövlətlərdən hər hansı birinə hücum olarsa, kollektiv müdafiə strategiyasına əsasən, bir-birini qorumağa söz veriblər. Digər tərəfdən isə təşkilat problemlərin diplomatiya yolu ilə həllini dəstəkləyir. Yəni, İspaniyanın NATO-nun qayda və prinsiplərinə əməl etdiyi halda, təşkilatdan uzaqlaşdırılmasını planlamaq gülüncdür. İrana qarşı hərbi əməliyyata qoşulub-qoşulmamaq hər bir dövlətin suveren qərarıdır. NATO-ya üzv ölkələr bəzən eyni fikirdə olmur. Amma bu, təşkilatdan çıxarılmaq və ya üzvlüyün dayandırılması üçün əsas sayılmır”. 

Politoloqun sözlərinə görə ABŞ çox güclü üzv olsa da, təkbaşına digər ölkənin üzvlüyünü dayandıra bilməz:

“Bunun üçün bütün üzv dövlətlərin razılığı və hüquqi mexanizmlər lazımdır. Ona görə də ABŞ-nin tələbi məntiqsizdir. Praktik baxımdan ən real senari ölkənin öz təşəbbüsü ilə təşkilatdan ayrılmasıdır. ABŞ-nin NATO-nu tərk etməsi ilə bağlı iddialar da səslənməyə davam edir. Bu da Trampın təkbaşına verə biləcəyi qərar deyil”. 

T. Rzayevin fikrincə, ABŞ-nin NATO-dan çıxması nə hərbi, nə də siyasi baxımdan məqsədəuyğun hesab edilə bilər: 

“Çünki ABŞ kimi qlobal güc üçün NATO hərbi alyans funksiyası daşımaqla yanaşı, transatlantik təsir mexanizmi, siyasi nüfuz platforması və beynəlxalq təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Nəzəri olaraq belə bir senarinin reallaşması qlobal güc balansında sarsıntılara səbəb olacaq. NATO-nun hərbi və texnoloji gücünün böyük hissəsi ABŞ-yə bağlıdır. Vaşinqtonun sistemdən çıxması NATO-nu institusional baxımdan zəiflədərək, regional və məhdud təsir gücünə malik struktura çevirəcək”.

Analitik vurğulayıb ki, ABŞ-dən sonra Alyansı Türkiyə də tərk edə bilər: 

“Ankara təşkilatda, ABŞ-dən sonra ən böyük hərbi potensiala malik üzvlərdən biridir. Alyans daxilində hərbi yükün böyük hissəsinin Türkiyənin üzərinə düşməsi, Ankaranın strateji maraqları ilə uzlaşmaya bilər. Ankara hazırda rəsmi şəkildə belə bir niyyət ortaya qoymasa da, ABŞ-nin NATO-dan mümkün çıxışı nəticəsində yaranacaq güc boşluğu, Türkiyəni yeni hərbi ittifaq formalaşdırmağa sövq edə bilər. Onsuz da son illərdə Türkiyənin müstəqil və çevik hərbi-siyasi kurs seçdiyi, regional təşəbbüslərdə daha aktiv rol aldığı və alternativ təhlükəsizlik formatlarına marağının artdığı müşahidə olunur”.