Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Tramp administrasiyasının Qəzza məsələsinə xüsusi diqqət yetirməsi prosesə yeni dinamika gətirib. ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun noyabrın 19-da İstanbulda HƏMAS lideri Xəlil əl-Həyya ilə görüşəcəyi gözlənilir. “Maan” agentliyinin məlumatına görə, bu təmaslar Vaşinqtonun HƏMAS-la birbaşa dialoq qurmaq niyyətindən xəbər verir. Bu, Uitkoffun Qəzza sülh planının açıqlanmasından sonra HƏMAS rəhbərliyi ilə keçirəcəyi ikinci görüşdür. İlk görüş oktyabrda Qahirədə baş tutub və danışıqlarda Cared Kuşner də iştirak edib. Bu inkişaflar Qəzza ətrafında davam edən danışıqların həssas və riskli xarakterini bir daha göstərir.
Ədalət, Hüquq, Demokratiya Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Trampın Qəzza məsələsində stabilliyin yaranmasında maraqlı olduğunu söyləyib:

"Trampın üzərində sionist lobbinin ciddi təzyiqlər var. Qəzza ilə bağlı atılan addımlardan, Suriya Prezidenti və Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşlərdən sonra Trampa qarşı, xüsusilə də Epşteyn işi kontekstində şantaj xarakterli təzyiqlər daha da güclənib. Vəziyyət göründüyündən daha mürəkkəbdir. İsrail hökuməti və sionist lobbi Qəzza, İordan çayının Qərb sahili və Şərqi Qüdsü heç bir halda Fələstin ərazisi kimi tanımaq, ümumiyyətlə Fələstin dövlətinin yaradılmasını qəbul etmək niyyətində deyil. Məsələnin həssas xarakteri səbəbindən qarant ölkə olan ABŞ -Türkiyə, digər İslam ölkələri və İsrail arasında çox incə siyasət yürütməyə çalışır. Hələlik bütün məsələlərin razılaşdırılmaması prosesin qırılma riskini artırır. Həmas İsrailin Qəzzanı Fələstin torpağı kimi tanıyacağına tam əmin deyil. Həmçinin bundan sonra İsrailin hansı addımlar atacağı qeyri-müəyyən olaraq qalır. Buna görə də razılaşdırılmamış bir çox məsələ mövcuddur. Xüsusilə, İsrail Qəzzada silahsızlaşdırma prosesinin sürətlə aparılmasını, tunellərin tam məhv edilməsini və müvəqqəti beynəlxalq idarəetmə mexanizminin qurulmasını tələb edir".
Ekspert HƏMAS-ın ABŞ-dən İsrailin gələcəkdə işğalçı siyasətindən tamamilə əl çəkməsi barəsində tam təminat istədiyini bildirib:
"İsrail hökumətinin ənənəvi siyasəti davam etdirmək ehtimalı yüksəkdir. Təl-Əviv ABŞ üzərində təsir rıçaqlarına malikdir. Bu da prosesi daha da riskli edir. Razılaşdırılmayan məsələlərdən biri də tunellərin tam məhv edilməsi ilə bağlıdır. HƏMAS-ın İsrailə qarşı müqavimət göstərə bilməsinin əsas səbəbi tunellər olub. Onların HƏMAS üçün strateji əhəmiyyət daşıdığı nəzərə alınsa, o zaman bu təşkilat tunellərin qısa müddətdə məhv edilməsinə qarşı çıxır. Prosesin mərhələli şəkildə aparılması onun üçün prioritetdir. Prosesin riskləri çox olduğuna görə Tramp administrasiyası HƏMAS rəhbərliyi ilə daha intensiv və birbaşa danışıqlarda maraqlı görünür. Lakin bunun pozulma ehtimalı hələ də yüksəkdir. Əsas səbəbi isə İsrailin ənənəvi siyasətindən geri çəkilmək niyyətində olmamasıdır. ABŞ-nin narahatlığı da məhz buradan qaynaqlanır. İsrailin mümkün təxribatlarına qarşı HƏMAS-ın təmkinli davranması ABŞ üçün prioritet sayılır və ABŞ-nin Həmas rəhbərliyi ilə birbaşa təmas qurmağa çalışması da bununla bağlıdır".