Türkiyə-Rusiya münasibətlərinin müəyyən çətinliklər yaşadığını demək olar
Rusiya Prezidenti Vladimir Putin sabah Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin 12 dekabrda Türkmənistanın paytaxtı Aşqabadda bir neçə tədbirdə iştirak edəcək, görüş də həmin çərçivədə baş tutacaq. Tərəflərin uzun müddətdən sonra növbəti dəfə yenə üçüncü ölkədə görüşməsi diqqət çəkən məqamlardandır. Bu həm ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə, həm də regional proseslərə dair mühüm mesajlar verir.
Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a deyib ki, Ərdoğan və Putin artıq uzun müddətdir ki, yalnız üçüncü ölkələrdə keçirilən tədbirlər çərçivəsində bir araya gəlirlər:

"Birbaşa Rusiyada və ya Türkiyədə keçirilən ikitərəfli görüş isə, təəssüf ki, uzun müddətdir baş tutmur. Bunun əsas səbəblərindən biri, xüsusilə Türkiyədə keçirilən son prezident seçkilərindən sonra Ankaranın Qərbyönlü siyasət yürütməyə başlaması, Rusiyaya tətbiq edilən bəzi iqtisadi sanksiyalara qoşulması, Ukraynaya silah yardımlarını davam etdirməsi və NATO daxilində də Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha aktiv rol oynamasıdır. Bir çox Avropa ölkəsinin silah sifarişləri Türkiyəyə yönəldilir və həmin silahlar Türkiyədə istehsal edilərək Ukraynaya göndərilir. Şübhəsiz ki, digər bir məsələ də Putinin son prezident seçkilərindən əvvəl Ərdoğana göstərdiyi siyasi və iqtisadi dəstəyə baxmayaraq, Türkiyənin sonradan siyasətini dəyişməsidir. Buna görə də Rusiyada, xüsusilə Putin səviyyəsində, Türkiyə-Rusiya münasibətlərinin müəyyən çətinliklər yaşadığını demək olar".
Ekspert münasibətlərin tam şəkildə qopmadığını, dövlətlər və xarici işlər nazirləri səviyyəsində danışıqların davam etdiyini söyləyib:
"Lakin Suriyadakı vəziyyətə görə də Ankara ilə Moskva arasında gərginliyin artdığı qeyd edilməlidir. Bu səbəbdən bu gün belə bir görüşün keçirilməsi hər şeye baxmayaraq əhəmiyyətlidir. Bu, dialoqun tamamilə dayanmadığını göstərir. Bu görüşdən çox böyük nəticələr gözləmirəm. Ehtimal etmək olar ki, Ərdoğan Putindən təbii qaz qiymətlərində endirim tələb edəcək və ya Akkuyu Nüvə Stansiyasına Rusiyanın əlavə investisiya yatırmasını istəyəcək. Buna görə də baş tutacaq görüş daha çox formal xarakter daşıyacaq və ciddi nəticələr verməyəcək".