Borrell: ABŞ Aİ-yə qarşı müharibə elan edib

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası Avropa İttifaqına qarşı siyasi müharibə elanıdır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin keçmiş xarici işlər üzrə ali nümayəndəsi Cozef Borrel sosial media hesabında bildirib.

Siyasətçi Donald Tramp administrasiyasının yanaşmasını tənqid edərək, sənədin "Avropaya qarşı açıq-aşkar nifrət"i əks etdirdiyini deyib.

Borrell Avropa liderlərini təhdidləri görməməzliyə vurmağı dayandırmağa və Aİ-nin suverenliyini qətiyyətlə müdafiə etməyə çağırıb.

"Bu, Aİ-yə qarşı siyasi müharibə elanıdır. O, ayrı-ayrı ölkələrə bölünmüş, öz tələblərinə tabe olan ağdərili bir Avropa istəyir".

Qeyd edək ki, dekabrın 5-də Ağ Ev ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəddə bildirilir ki, regionun hazırkı siyasi və iqtisadi inkişaf vektoru davam edərsə, Avropanın 20 ildən sonra orduya və iqtisadiyyata sahib olub-olmayacağı "tamamilə aydın deyil.

Sənəddə həmçinin bildirilir ki, ABŞ Avropa ölkələrindən "sivilizasiya etibarını bərpa etməyi" və "boğucu tənzimləmənin uğursuz cəhdindən" imtina etməyi istəyir.