Bu gün Azərbaycanda yazın gəlişinin və təbiətin oyanışının rəmzi olan İlaxır çərşənbə qeyd edilir.
Sherg.az xəbər verir ki, İlaxır çərşənbə xalq arasında ilin ən əziz günlərindən sayılır və qarşıdan gələn Novruz Bayramı münasibətilə keçirilən sonuncu çərşənbədir.
Azərbaycan xalqının qədim adət-ənənələrinə görə, İlaxır çərşənbə axşamı insanlar ev-eşiklərini təmizləyir, süfrələr açır, tonqal qalayır və üzərindən tullanaraq köhnə ilin ağırlıqlarını geridə qoyduqlarına inanırlar. Bu gün həm də barışıq və birlik günü sayılır – küsülülər barışır, ailələr bir araya gəlir.
Novruz süfrəsinin əsas atributları – səməni, şamlar, boyanmış yumurtalar və müxtəlif şirniyyatlar da məhz İlaxır çərşənbə axşamı hazırlanır. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi milli şirniyyatlar süfrələrin bəzəyinə çevrilir.
Xalq inanclarına görə, İlaxır çərşənbə gecəsi müxtəlif fal və mərasimlər də keçirilir. Gənclər niyyət tutaraq qapı pusur, qulaq falına çıxır və gələcək arzularının gerçəkləşəcəyinə inanırlar.
Qeyd edək ki, Novruz bayramı martın 20-21-də qeyd olunur və İlaxır çərşənbə bu bayramın ən mühüm mərasimlərindən biri hesab edilir. İnanclara görə, məhz bu gecə təbiət tam oyanır və yeni ilin nəfəsi hiss olunmağa başlayır.