“ABŞ məğlub olmadı, sadəcə çıxış yolu axtarır”
“Vaşinqtonun məqsədi qələbə deyil, rəqibi zəiflətməkdir”
ABŞ İranla hərbi qarşıdurmanı necə başa çatdırmaq barədə yollar axtarır və faktiki olaraq məğlubiyyətini etiraf edir. Bu fikirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini səsləndirib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından 15 gün sonra ABŞ çətin vəziyyətlə üzləşib və qərar qəbul etmə prosesində çaşqınlıq yaşayıb.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a söyləyib ki, belə açıqlamaları bir qədər soyuqqanlılıqla oxumaq lazımdır:
"Müharibələrdə ilk itirilən şey çox vaxt reallıq olur. Onun yerinə isə propaqanda gəlir. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) sözçüsünün dedikləri də məhz belə bir psixoloji müharibə dilini əks etdirir.
İran ABŞ-nin qarşıdurmanı bitirmək istədiyi yönündə mesaj verərək həm öz ictimaiyyətini canlı tutmağa, həm də regional psixoloji üstünlük əldə etməyə çalışır. Bu, müharibənin klassik propaqanda refleksidir. “Düşmən məğlubiyyəti qəbul etdi” sözü sahədəki hərbi reallıqdan çox siyasi və psixoloji mesajdır.
Amma burada daha vacib məqam ABŞ-nin həqiqətən nə istədiyidir. Vaşinqtonun strategiyası çox vaxt birbaşa böyük bir müharibəni qazanmaq deyil, xərcləri nəzarət altında saxlayaraq rəqibi zəiflətməkdir. ABŞ üçün İranla uzunmüddətli, birbaşa müharibə artıq üstünlük verilən ssenari deyil. Çünki belə bir müharibə Körfəzdən Şərqi Aralıq dənizinə qədər bütün enerji xətlərini sarsıda bilər".
Ekspert Əli Məhəmməd Naininin ABŞ-ni faktiki məğlub ölkə olduğunu söyləməsinə də münasibət bildirib:
"Mən bu vəziyyəti “ABŞ məğlubiyyəti qəbul edir” kimi oxumuram. Daha çox iki tərəfin də nəzarət altında çıxış yolu axtardığı bir mərhələyə girildiyini düşünürəm. Müasir müharibələrin böyük bir hissəsi hərbi cəbhədə deyil, qavrayış və diplomatiya sahəsində nəticələnir.
Bugünkü vəziyyət fərqlidir. Tərəflər sahədə tarazlıq yaratdıqdan sonra, hər kəs öz ictimaiyyətinə “biz qazandıq” deyə biləcəyi siyasi çıxış formulu axtarır.
Qısacası məsələ sadəcə qələbə və ya məğlubiyyət deyil. Belə böhranlarda əsas sual müharibəni kimin başladığı deyil, kimin necə bitirəcəyidir. Həm Vaşinqton, həm də Tehran artıq məhz bu sualın cavabını axtarır".
Analitik vurğulayıb ki, belə müharibələr hərbi qələbə ilə deyil, siyasi “çıxış formulu” ilə bitir:
"Birincisi, ABŞ üçün tammiqyaslı İran müharibəsi rasional deyil. İran coğrafi baxımdan böyük, əhali baxımından sıx və vasitəçi qüvvələr vasitəsilə bölgənin bir çox nöqtəsinə təsir göstərə bilən aktordur. Belə bir müharibənin Hörmüz Boğazına, neft qiymətlərinə və qlobal iqtisadiyyata ciddi təsir edəcəyi açıqdır. Vaşinqtonun məqsədi rejimi devirmək deyil, İranın imkanlarını məhdudlaşdırmaq və yayındırmaqdır.
İkincisi, İranın da ABŞ ilə birbaşa uzunmüddətli müharibəni davam etdirə biləcək iqtisadi potensialı yoxdur. Buna görə İranın strategiyası adətən “müqavimət göstərən, amma müharibəni böyütməyən” xəttdir. O özünü təslim olmuş kimi göstərmədən, böhranı nəzarət altında saxlamağa çalışır.
Buna görə də, bu müharibənin sonu böyük ehtimalla üç mərhələdən ibarət olacaq:
-Sahədə nəzarət olunan gərginlik: Bir müddət daha məhdud hücumlar, vasitəçi qüvvələr və mesaj xarakterli əməliyyatlar davam edəcək.
- Arxa qapı diplomatiyası: Oman, Qatar, Türkiyə və ya Avropa vasitəsilə səssiz əlaqələr başlayacaq.
- Əks tərəfin “qələbə” elan etməsi: Hər iki tərəf öz ictimaiyyətinə qazandığını deyərək gərginliyi azaldacaq".
Politoloq Beynəlxalq münasibətlərdə çox rast gəlinən tablonun yenidən reallaşacağını deyib:
"Müharibələr çox vaxt cəbhədə deyil, masada bitir. Bu böhranda da böyük ehtimalla belə olacaq.
Nə ABŞ həqiqətən “məğlub olduğunu” etiraf edəcək, nə də İran geri addım atdığını deyəcək. Amma pərdə arxasında nəzarət olunan gərginlik idarəsi işə düşəcək. Qısası, bu müharibənin həqiqi cavabı hərbi yox, diplomatik olacaq".