Bu gün İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada baş vermiş yanğın nəticəsində 22 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Cakarta polisinin rəisi Susatio Purnomo Kondronun sözlərinə görə, hazırda yanğın söndürülüb və aşkar edilmiş cəsədlər tanınması üçün xəstəxanaya göndərilib.
“Reuters” agentliyinin məlumatına əsasən, yanğın günorta saatlarında birinci mərtəbədə başlayıb və sonra yuxarı mərtəbələrə yayılıb.
Binada Yaponiyanın “Terra Drone Corporation” şirkətinin bölməsi olan “Terra Drone Indonesia” yerləşir. Şirkət mədən sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müştərilər üçün aerofotoçəkiliş işləri aparmaq məqsədilə pilotsuz uçuş aparatları təqdim edir.
Kondro bildirib ki, şirkətin bəzi əməkdaşları həmin vaxt binada nahar edirmiş, digərləri isə ofisdə olmayıblar.
“Kompas TV” telekanalının nümayiş etdirdiyi kadrlarda onlarla yanğınsöndürənin insanları təxliyə etməyə cəhd göstərdiyi, bəzilərinin isə binadan cəsədləri çıxardıqları görünür. Kadrlarda, həmçinin yuxarı mərtəbələrdən bəzi əməkdaşların daşınabilən nərdivanlarla endikləri əks olunur.
“Əldə edilən məlumata əsasən, pilotsuz uçuş aparatının akkumulyatorları yanıb, lakin yanğının səbəbi və başlanma yeri hələ də araşdırılır”, – deyə Kondro bildirib. O əlavə edib ki, polis şirkətin sahibini və binanın sahibini dindirəcək.