Rusiya ilə Ukrayna arasında son iki ay ərzində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sülh danışıqları keçirilib. Danışıqların birinci raundu 23-24 yanvar tarixlərində baş tutub. Görüşün əsas mərkəzində müharibənin dayandırılması yolları, sülhə aparan prosesin parametrlərinin müəyyənləşdirilməsi, eləcə də davamlı sülh mexanizmlərinin formalaşdırılması məsələləri dayanıb. Lakin tərəflər arasında fikir ayrılıqlarının davam etməsi ikinci raundun planlaşdırılmasına səbəb olub. Fevralın 4-də ABŞ-ın vasitəçiliyi ilə başlayan ikinci raund bu gün yekunlaşıb. Danışıqlardan sonra Kremlə yaxın media qurumları, Moskvanın əsas tələbinin Ukraynanın Donetsk, Luqansk və Donbas bölgələri üzərində tam nəzarəti ələ keçirmək olduğunu açıqlayıb. Ukrayna isə bu mövqeyi qəti şəkildə rədd edir. Prezident Volodimir Zelenski işğal olunmuş ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyəcəklərini bildirib. Ərazi məsələləri ətrafında tərəflərin ortaq məxrəcə gələ bilməməsi danışıqların gedişini daha da gərginləşdirib.
Mövzu ilə əlaqədar politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, danışıqların ikinci raundunda ciddi irəliləyiş olmasa da, 314 məhbusun mübadiləsi ilə bağlı razılaşmanın əldə olunması müsbət haldır:

“Bu, son beş ay ərzində baş tutan ilk məhbus mübadiləsidir. ABŞ xüsusi elçisi Stiven Uitkoffun açıqlamasına görə bu hal sülh danışıqlarının məhsuldarlığına işarə edir. Təbii ki, danışıqların nə dərəcədə məhsuldar olduğu yekun nəticələrdə öz əksini tapacaq. Buna baxmayaraq, tərəflərin masadan qalxmaması və dialoqu davam etdirmək iradəsi nümayiş etdirməsi diplomatiyanın hələlik tam iflasa uğramadığını göstərir. Bununla belə, danışıqların əsas düyün nöqtəsi sayılan ərazilər məsələsi, xüsusilə Donbas ətrafında tərəflər arasında ciddi fikir ayrılığı davam edir. Rusiya üçün Donbas sadəcə ərazi problemi deyil, strateji və siyasi legitimlik məsələsidir”.
Politoloq, Donbas məsələsi üzərində hələ də fikir ayrılıqlarının qaldığına diqqət çəkib:
“Moskva Donetsk və Luqansk üzərində nəzarəti mövcud reallıq, təhlükəsizlik zərurəti və geri dönməz fakt kimi təqdim edir. Bu ərazilərdən geri çəkilmək Rusiya üçün həm hərbi, həm də daxili siyasi baxımdan məğlubiyyət hesab oluna bilər. Buna görə də Kreml danışıqlarda Donbasla bağlı iddialarından geri çəkilmir. Ukrayna isə Donbasdan imtina etmək niyyətində deyil. Kiyev üçün belə bir addım dövlət suverenliyinin pozulması, Konstitusiyaya zidd qərar və daxili siyasi legitimliyin itirilməsi anlamına gəlir. Bundan əlavə, Ukrayna rəhbərliyi Donbasın rəsmən itirilməsinin gələcəkdə digər ərazilər üçün də təhlükəli presedent yarada biləcəyindən ehtiyat edir. Bu səbəbdən Ukraynanın mövqeyi prinsipialdır”.
R.Bayramovun sözlərinə görə, ABŞ-ın danışıqlardakı rolu prosesi sadəcə diri saxlamaqdan ibarətdir:
“ABŞ tərəflərə birbaşa ərazi formulu diktə etmir, danışıqların mərhələli şəkildə irəliləməsini və eskalasiyanın qarşısının alınmasını prioritet hesab edir. Bu yanaşma göstərir ki, Vaşinqton əvvəlki kimi sürətli sülhdən daha çox, nəzarət olunan prosesə üstünlük verir. Rusiya ilə Ukrayna arasında üçüncü görüş də baş tutacaq. Tərəflərin ABŞ-ın təzyiqi ilə olsa belə dialoqu davam etdirmək istəyi bunu deməyə əsas verir. Lakin növbəti raunddan həlledici razılaşma gözləmək real görünmür. Yekun razılaşma yalnız Rusiyaya təzyiq fonunda uzunmüddətli atəşkəs razılaşmasının əldə edilməsi, beynəlxalq zəmanətlərin verilməsi və mərhələli siyasi həll variantının, qəbul olunması ilə reallaşa bilər”.
Aybəniz Səfərova