Dünyanın ən nüfuzlu 25 amerikalısından biri vəfat edib

Alim, Kolumbiya Universitetinin professoru və aktrisa Uma Turmanın atası Robert Turman 84 yaşında vəfat edib.

Sherg.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb. Bildirilib ki, alimin ölümünü onun həmtəsisçisi olduğu "Tibet House US" mədəniyyət mərkəzi təsdiqləyib. Turman 16 iyun tarixində ABŞ-nin Nyu-York ştatının Vudstok şəhərində dünyasını dəyişib.

Robert Turman uzun illər Kolumbiya Universitetində Hind-Tibet buddizmi üzrə kafedraya rəhbərlik edib. O, tibet mədəniyyətinin zorakılıqdan uzaq, humanist və bərabərlik prinsiplərinə əsaslandığını qeyd edərək bu irsin qorunmasının vacibliyini vurğulayırdı.

“New York Times” onu ABŞ-də Tibet buddizmi üzrə aparıcı ekspertlərdən biri kimi qiymətləndirib, “TIME” jurnalı isə 1997-ci ildə onu dünyanın ən nüfuzlu 25 amerikalısından biri siyahısına daxil edib.

Qeyd edək ki, Robert Turman 1967-ci ildən həyat yoldaşı Nena Turman ilə evli olub və cütlüyün dörd övladı var.