Kreml Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında yaxın gələcəkdə görüşün keçirilə biləcəyini mümkün sayır. Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında belə bir görüş ehtimalı gündəmdə qalır. Putin və Tramp son dəfə bu ilin avqustunda Alyaskada görüşüblər, oktyabr ayında isə onların telefon danışığı baş tutub. Həmin zəng zamanı Budapeştdə görüş keçirməyə dair razılıq əldə olunsa da, daha sonra ABŞ bu variantdan imtina edib.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Putin və Tramp arasında mümkün görüşlə bağlı verilən siqnalların hazırda daha çox kəşfiyyat xarakterli diplomatik mesaj daşıdığını söyləyib:

"Kreml bu informasiyanı sızdırmaqla Vaşinqtonun mövqeyini yoxlamağa çalışır. ABŞ-nin əvvəl Budapeşt görüşündən imtina etməsi göstərdi ki, münasibətlərdə hələ də ciddi etimad boşluğu mövcuddur. Bununla belə, tərəflər birbaşa təmas ehtiyacının qaçılmaz olduğunu da anlayırlar. Ukrayna müharibəsi fonunda Rusiya-ABŞ xətti yenə qlobal təhlükəsizlik arxitekturasının əsas oxlarından biri olaraq qalır. Mümkün görüşün əsas gündəliyi böyük ehtimalla Ukrayna, strateji silahlar və enerji təhlükəsizliyi olacaq. Trampın siyasi ritorikası belə təmaslara daha açıq görünür. Lakin ABŞ-da daxili siyasi balanslar onun manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Putin isə belə görüşü beynəlxalq izoliyasiyanı qismən sındırmaq fürsəti kimi görür. Alyaska görüşü tərəflər arasında təmas kanallarının tam qırılmadığını göstərdi. Sonradan telefon danışığından sonra Budapeşt variantının ortaya çıxması dialoqun davam etdiyini sübut edir. Lakin ABŞ-nin geri addımı Vaşinqtonun hələlik daha sərt xətti qoruduğunu göstərdi".
Politoloq Kremlin təşəbbüsü yenidən gündəmə gətirməklə psixoloji üstünlük formalaşdırmağa çalışdığını söyləyib:
"Bu tip siqnallar həm də Qərb daxilindəki fikir ayrılıqlarını test etmək məqsədi daşıyır. Real görüşün baş tutması üçün yalnız siyasi iradə yox, həm də təhlükəsizlik zəmanətləri lazımdır. Hazırkı mərhələdə tərəflər daha çox mövqelərini möhkəmləndirməklə məşğuldur. Görüş baş verərsə, bu, münasibətlərdə kəskin dönüş deyil, yalnız idarə olunan gərginlik mərhələsinə keçid ola bilər. Qlobal sistem üçün belə bir təmas risklərin azaldılması baxımından müsbət siqnal sayılar. Lakin bu prosesin sürətli normallaşmaya gətirəcəyini düşünmək hələ tezdir".