- Vəkillər 9 səhifəlik müraciət etdi
ABŞ-da iki dəfə ölümcül inyeksiya tətbiq edilməsinə baxmayaraq sağ qalan Christa Pike ilə bağlı yeni məhkəmə prosesi başlayıb. Onun vəkilləri həbsxana rəhbərliyini tibbi və psixoloji yardıma çıxışı məhdudlaşdırmaqda ittiham edirlər.
Sherg.az xəbər verir ki, bu barədə CNN International məlumat yayıb.
Məlumata görə, Pikeın müdafiəçiləri noyabrın 23-də Devidson dairəsinin məhkəməsinə təcili müraciət edərək doqquz səhifəlik vəsatət təqdim ediblər. Sənəddə həbsxana rəhbərliyinin məhbusun psixi sağlamlıq mütəxəssislərinə müraciət etməsinə mane olduğu iddia edilir.
Vəkillər iki klinik psixoloqun zəruri müayinə avadanlıqları ilə birlikdə həbsxanaya daxil olaraq Pikeı müayinə etməsinə icazə verilməsini tələb ediblər. Onlar həmçinin mütəxəssislərin görüş qeydlərinin həbsxana rəhbərliyi tərəfindən yoxlanılmamasını istəyiblər.
Müdafiə tərəfinin iddiasına görə, uğursuz edam cəhdlərindən biri zamanı Pike ağır fiziki və psixoloji travma alıb. Bildirilir ki, inyeksiya zamanı onun damarı partlayıb, ölümcül preparat qoluna sızaraq ciddi şişkinlik və yanıqlara səbəb olub.
Pikeın vəkili Luke Ihnen həbsxana rəhbərliyinin tətbiq etdiyi məhdudiyyətləri narahatedici adlandırıb. Müdafiə tərəfi məhkəmədən onun təcrid rejiminin dayandırılmasını, yeni geyimlə təmin edilməsini və uğursuz edam cəhdi zamanı istifadə olunan maddənin laboratoriya şəraitində araşdırılmasını da tələb edib.
Qeyd edək ki, Christa Pike 1995-ci ildə 19 yaşlı kurs yoldaşı Colleen Slemmeri qətlə yetirməkdə təqsirli bilinərək 1996-cı ildə ölüm cəzasına məhkum edilib. Cinayət zamanı 18 yaşı olan Pike qurbanını sevgilisi Tadaryl Shipp-i əlindən almağa çalışmaqda ittiham edib.
İstintaq materiallarına görə, Pike, Shipp və daha bir nəfər gənc qadını tərk edilmiş elektrik stansiyasına aparıb. Orada ona təxminən yarım saat işgəncə verilib, sinəsinə simvol həkk olunub və başına asfalt parçası ilə zərbə endirilərək öldürülüb. Cinayət zamanı 17 yaşında olan Shipp isə şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib.