İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İrana qarşı hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı gərgin telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, həftəsonu baş tutan telefon danışığı qeyri-adi dərəcədə gərgin keçib. Mənbə iki lider arasındakı söhbəti “yüksək səslə aparılan dəhşətli mübahisə” kimi xarakterizə edib.
Lakin İsrail Baş nazirinin ofisi bu məlumatı təkzib edərək “saxta xəbər” adlandırıb.
İsrailin yüksəkvəzifəli rəsmilərindən biri isə Netanyahu ilə Tramp arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də, söhbətin gərgin keçməsi barədə iddiaları rədd edib.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti mənbəsinə istinadən Netanyahunun İrana qarşı hərbi əməliyyatların bərpasını tələb etmək üçün Trampa demək olar ki, hər gün zəng etdiyini yazmışdı.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib. Daha sonra Vaşinqton hərbi təzyiqdən iqtisadi sanksiyalara üstünlük verəcəyinə dair siqnallar verib.
Tramp isə son açıqlamasında Netanyahu ilə İran məsələsini müzakirə etdiyini və söhbətin yaxşı keçdiyini bildirib.