İranla bağlı xəbərdarlıq edildi: Ayıq-sayıq olmalıyıq

“ABŞ Prezidenti Donald Trampın atdığı addımlar İranın nüvə silahı əldə etməsinin qarşısını aldı, amma Tehran cəhdlərindən əl çəkməyəcək, ayıq-sayıq qalmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş deyib.

Senator bildirib ki, ABŞ tarixi boyu görünməmiş dərəcədə qlobal nüvə təhdidi ilə üz-üzədir:

“Tarixdə ilk dəfədir Rusiya və Çin kimi iki bərabər səviyyəli nüvə gücü ilə eyni anda üzləşirik, bununla yanaşı, Şimali Koreya kimi daha kiçik və qeyri-sabit dövlətlər, həmçinin İran kimi nüvə silahı əldə etməyə çalışan ölkələrin yaratdığı təhdidlərlə də qarşılaşırıq”.

Cim Riş Rusiya və Çinin silahlara nəzarət sahəsində əməkdaşlığı zəiflətməkdə oynadığı rola toxunaraq qeyd edib ki, iki ölkə bu mövzuda konstruktiv dialoqa maraq göstərmir, paralel şəkildə nüvə potensiallarını artırmağa davam edir.

Xarici Əlaqələr Komitəsinin sədri İran məsələsindən ayrıca danışıb:

“Nüvə ambisiyası olan qeyri-legitim rejimləri diqqətdən kənarda qoymaq olmaz. Bəli, Tramp bu ilin əvvəlində İranın nüvə obyektlərini məhv etmək üçün addımlar atıb və bu addımlar təhlükəli ideologiyası olan bir rejimin ABŞ, İsrail və dünyanın digər bölgələrini təhdid edə biləcək bir silaha sahib olmasının qarşısını alıb. Amma İran rejimi kifayətlənməyəcək, ayıq-sayıq olmalıyıq”.