İsrail və Livan arasında danışıqların növbəti mərhələsi nə vaxt olacaq?

İsrail və Livan arasında danışıqların yeni mərhələsi sentyabrın əvvəlinə planlaşdırılır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of Israel" nəşri öz mənbəsinə istinadən yazıb.

"ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti raundu sentyabrın əvvəlində baş tutacaq", - deyə adı açıqlanmayan məmur nəşrə bildirib.

Eyni zamanda mənbə etiraf edib ki, ötən həftə başa çatan növbəti raund "çox rəvan keçməyib", çünki Livan İsrail Müdafiə Qüvvələrinin (SAXAL-IDF) ölkənin cənubundan əlavə olaraq çıxarılmasında israr edir, İsrail isə iddia edir ki, ilk növbədə "Hizbullah"ın tərk-silah olduğundan tam şəkildə əmin olmaq lazımdır.

Mənbə əlavə edib ki, tərəflər həmçinin İsrail və Livan vətəndaşlarının qalıqlarının identifikasiyası (tanınması) və qaytarılması ilə bağlı da paralel olaraq danışıqlar aparırlar.

Xəbər verildiyi kimi, Livan-İsrail danışıqlarının növbəti mərhələsi ötən cümə axşamı (6 avqust) Romada başa çatıb. ABŞ Dövlət Departamenti bu danışıqları səmərəli adlandırıb.