İsrailin i24NEWS telekanalı “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyun zamanı azarkeşləri hədəf alan ifadələr səsləndirib.
Sherg.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində baş tutan qarşılaşma öncəsi və oyun zamanı yaşanan gərginlik İsrail kanalının canlı yayımında geniş işıqlandırılıb.
Telekanal Türkiyə azarkeşlərini hədəf alaraq “Türk tamaşaçılar İsrailə düşməndir” və “Türklər fürsəti təxribata çevirirlər” kimi ifadələr işlədib.
Yayımda israilli azarkeşlərdən birinin “Onlar şərflə gəzirlər, biz isə gizlənirik” sözləri də diqqət çəkib.
Qeyd edək ki, oyun öncəsi “Beşiktaş” azarkeşlərinin tribunada Fələstin bayraqları açmasına Gürcüstan polisi müdaxilə edib. Tərəfdarlarla polis arasında baş verən qarşıdurma zamanı bibər qazından istifadə olunub, bəzi azarkeşlər xəsarət alıb. Hadisələr səbəbindən təxminən 26-cı dəqiqədə dayandırılan matç yarım saatlıq fasilədən sonra bərpa olunub. “Beşiktaş” görüşü 2:1 hesabı ilə qazanıb.