Son xəbərlər

Fransada səs bombalarından istifadə bütün nümayişlərdə qadağan edildi

Fransada polis əməkdaşlarına səs bombalarından istifadə etmək qadağası ölkə üzrə bütün nümayişləri əhatə edəcək şəkildə genişləndirilib.

Sherg.az xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.

Fransa Milli Polis Baş İdarəsinin rəisi Lui Loje daxili yazışma vasitəsilə polis əməkdaşlarının iştirak etdiyi bütün əməliyyatlarda növbəti göstərişədək səs bombalarından istifadənin qadağan edildiyini bildirib.

Qərar sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən lisey şagirdlərinin etirazlarından sonra qəbul edilib. Oktyabrın 5-də Lens şəhərində keçirilən aksiya zamanı bir şagirdin əlini itirməsinə səs bombasının səbəb ola biləcəyi bildirilmişdi.

Fransanın daxili işlər naziri Loran Nünez daha əvvəl lisey aksiyalarında polisə səs bombalarından istifadə etməmək barədə göstəriş verdiyini açıqlamışdı.

Məlumata görə, etiraz aksiyaları zamanı təxminən 500 şagird və 290 təhsil işçisi xəsarət alıb.