- İlham İsmayıl: “Avropa onu qane etməyən istənilən yeni təhlükəsizlik sistemini bloklamaq üçün kollektiv potensiala malikdir"
Abu-Dabidə keçirilən görüşün sabah – noyabrın 11-də də davam etdirilməsi və Rusiya nümayəndə heyəti danışıqlara qoşulmazdan əvvəl ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, NATO, Avropa İttifaqı və Ukrayna nümayəndələrinin birgə müzakirələr aparması diqqətçəkən məqamdır.
Sherg.az xəbər verir ki, bunu politoloq və təhlükəsizlik eksperti İlham İsmayıl Abu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən görüşü şərh edərkən deyib.
İlham İsmayıl bildirib ki, görüşdən sonra ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun ABŞ, Avropa İttifaqı və Ukraynanın birgə bəyanatını yayması da mühüm siyasi mesajdır. Bəyanatda Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsinin və gələcəkdə əldə olunacaq istənilən razılaşmada ölkəyə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyi vurğulanıb.
Ekspert hesab edir ki, bu cür koordinasiyalı müzakirələr müsbət tendensiyadan xəbər verir:
“Görünür, aralıq seçkilərindəki məğlubiyyətdən sonra Tramp indiyədək Ukraynaya qarşı yürütdüyü sərt təzyiq siyasətində müəyyən korrektələr etməyə məcbur olub. Məhz onun xüsusi nümayəndəsi Vitkoff tərəfindən birgə bəyanatın səsləndirilməsini Rusiya üçün mesaj kimi qiymətləndirmək olar.
Eyni zamanda, Vitkoff bildirib ki, iştirakçılar müharibədən sonrakı güclü Avropa təhlükəsizlik arxitekturasının və mexanizmlərinin qurulmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Həmçinin güclü NATO-nun Avro-Atlantik kollektiv müdafiəsinin mərkəzi olaraq qalacağı açıq şəkildə bəyan edilib.
Tramp hakimiyyətə gəldiyi gündən NATO-nun maliyyələşdirilməsini Avropa ölkələrinin üzərinə qoymağa çalışıb və təhlükəsizliklərinə görə onların özlərinin məsuliyyət daşımalı olduğunu dəfələrlə vurğulayıb. Lakin indi Avropa təhlükəsizliyinin güclü NATO ilə bağlı olduğunu bəyan etməklə ABŞ-ni Avropadan ayırmağa çalışan Rusiyanın siyasətinə qarşı mövqe nümayiş etdirmiş oldu”.
İlham İsmayılın fikrincə, hazırkı reallıq ondan ibarətdir ki, nə Kreml, nə də Ağ Ev Avropanın razılığı olmadan ikitərəfli razılaşmalara nail ola bilər:
“Avropa onu qane etməyən istənilən yeni təhlükəsizlik sistemini bloklamaq üçün kollektiv potensiala malikdir. Eyni zamanda, Avropa gələcək təhlükəsizlik razılaşmalarını yalnız Ukraynadakı müharibə başa çatdıqdan sonra müzakirə etmək niyyətindədir.
Sabah keçiriləcək görüşlə bağlı ümidlər də məhz bu amillə əlaqədardır”.