Məntiq zəncirində qırılma! - “ABŞ İranla sövdələşməyə gedə bilər”
Yusif Nəzərli
14:01 03.10.2022
Dünya
545
"Rəsmi Tehran illərdir, almağa çalışdığı yeddi milyard dollarlıq dondurulmuş aktivinə qovuşur”
“Həminin bu ölkələr məhbus mübadilələrini sürətləndirirlər”
“Məqsəd Türkiyənin Suriya və İraqdakı fəallığını azaltmaqdır”
"İrandakı etirazlar dalğası qabarma-çəkilmə ilə müşahidə edilir, gah ali dini rəhbər əleyhinə şüarlar səslənir, gah nisbi sakitlik hökm sürür, gah da qəfil alovlanma baş qaldırır".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi ekspert Aqşin Kərimov bildirib. Onun sözlərinə görə, Məhsa Əmininin öldürülməsindən sonra cərəyan edən iğtişaşların motivi hakimiyyətdaxili pillələrdə irəliləmək istəyən rəqib dairələr üçün münbit fürsətə çevrilir:
"Proseslərdəki xarici oyunçular, əsasən İsrail, İran daxilindəki çalxalanmanı davamlı edə biləcək prioritetlər müəyyənləşdirir. Şübhə etmək olmaz ki, Əmininin öldürülməsini həyata keçirən komanda üzvlərinin fotolarını mediaya məhz İsrail tərəfi sızdırıb.
Hərçənd ki, İran vurğuları ilk olaraq, ABŞ üzərinə qoyur, daha sonra isə xarici güclərdən danışaraq, ənənəvi tərzini "gözə soxur". Məsələn, SEPAH-ın briqada generalı Həsən Həsənzadə deyir ki, təmsil etdiyi güc İrandakı etirazların arxasında ABŞ-ın dayandığını müəyyənləşdirib".
Analitik qeyd edib ki, bəzi nəticələr isə məntiq zəncirində qırılmaların olduğunu göstərir:
"İran illərdir, almağa çalışdığı yeddi milyard dollarlıq dondurulmuş aktivinə qovuşur. ABŞ-la İran məhbus mübadiləsi sazişi üzrə öhdəlikləri icra etdiklərindən İslam Respublikasının Cənubi Koreyada qalmış yeddi milyard dollarına qoyulan blok aradan qaldırılıb. Bu göstərir ki, ABŞ-la İran məhbus mübadilələrini sürətləndirirlər. Səbəb isə tərəflərin nüvə sazişinə dair mövqelərinin yaxınlaşdırılmasıdır. Eyni zamanda ABŞ Türkiyənin Suriya və İraqdakı fəallığını azaltmaq üçün İran ilə sövdələşməyə gedə bilər. Ona görə də rəsmi Tehrana bunun üçün lazımlı maliyyə təminatını elə cənub qonşumuzun öz haqqı olan pullarla təmin edir. Rəsmi Vaşinqtonla İranın əməkdaşlıq spektri daha çox xarici siyasət maraqlarında situativ meyarlara söykənir. Lakin daxildəki vəziyyətlə bağlı fikir ayrılıqlarının anatomiyası dəyişilməyib. İran təhlükəsizlik qüvvələri mitinqləri özünün dəyənəyi ilə yatırmaqla daxildəki ali rəhbər postuna hərislərə işıq yandırır. Rəsmi Tehrandakı etirazlar artıq ali rəhbər Seyid Əli Xameneinin proseslərə nəzarəti itirməsi ilə nəticələnir. Hərçənd ki, İran lideri bu gün ictimaiyyət önünə çıxıb və mühafizəkar kəsimin idealları ilə liberalları susdurmağı qarşıya hədəf qoyur. Bunun üçün ən yumşaq istinad yeri olan ABŞ-ın və İsrailin qızışdırıcılıq əməllərindən danışır. Ali liderin xələfi olmaq uğrunda mübarizə İran rejiminin daxilindəki elitanı parçalayır, liberallar üçün mühafizəkar olmayan xalq kütlələrinin ayağa qalxması onlara sərfəlidir.
Hakimiyyət çətirindəki belə bölgü Xameneini rejimin birləşdirici rolu olmaq funksiyasından ayırır və iqtidardakı digər rəqiblərin yaranan ruhani boşluğunu doldurmalarına yol açır. Xameneinin xəstəliyi, idarəetmədə problemlərlə üzləşməsi ruhani strukturun seqmentlərini, xüsusilə, Qum hövzəsindəki alimləri ona qarşı cəsarətləndirə bilər. Əvvəldən düşünüldüyü kimi, hadisələrin yönləndirici funksioneri kimi, SEPAH etirazçılarla ali rəhbərlik arasında incə bir xətt çəkir. Ona görə böyük güc olan bu Korpus həm mühafizəkarları dəstəkləyir, həm də ara-sıra etirazçıların könlünü xoş tutmağa çalışır. Ancaq İranın Kürdüstan vilayətindəki coşan emosiyalara nəzarət bir qədər çətindir. Rəsmi Tehran Suriya və İraqda Türkiyə əleyhinə cəbhədə PKK ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirsə də, daxildəki PKK amilini təhlükə kimi görür. Həmçinin cənubumuzdakı dövlət İraqdakı PKK mövqelərinə də zərbə endirməklə qonşudan kürdlərə gələ biləcək təminatları bloklamaq niyyətini nümayiş etdirir. İrandakı etirazlar hələlik teokratik rejimin devrilməsi həddinə qədər inkişaf etməyib.
Amma post-Xamenei dövrünə hazırlıq mərhələsi onu göstərir ki, gələcəkdə hakimiyyət cəmiyyətin bəzi liberal tətbiqlər yükləməsinə şərait yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi