- Diplomatik protokol diqqət çəkdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində keçirilən COP31 Liderlər Zirvəsinin rəsmi qarşılanma mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin tanımadığı Cənubi Kipr lideri Nikos Xristodulidisi qarşılamayıb.
Sherg.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Ərdoğan digər dövlət və hökumət başçılarını BMT-nin Baş katibi Antonio Quterreşlə birlikdə qarşılayıb. Xristodulidisin gəlişi zamanı isə Türkiyə Prezidenti qarşılama məntəqəsində olmayıb. Cənubi Kipr liderini yalnız Quterreş qarşılayıb.
Xristodulidis bir müddət protokol zonasında gözləyib. Onun qarşılanmasından sonra Ərdoğan yenidən yerinə qayıdaraq digər liderləri qəbul etməyə davam edib.
Hadisə Cənubi Kipr mətbuatında da geniş müzakirə olunub. Rum tərəfinin bəzi mənbələri Ərdoğanın bu addımını Xristodulidisin ünvanına diplomatik mesaj kimi qiymətləndiriblər. Bununla belə, Türkiyə rəsmiləri hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.