Modi hökumətinin nüfuzu aşağı düşərsə, Pakistanla müharibə yenidən qızışdırıla bilər -Politoloq

“Pakistan və Hindistan arasında atəşkəs qorunur”.
Bunu Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudri deyib.
Həmçinin general xəbərdarlıq edib ki, iki ölkə arasındakı mübahisə (Kəşmir məsələsi) dialoq yolu ilə həll edilmədikcə, münaqişə ocağı olaraq qalacaq.
“Pakistan ordusuna gəlincə, atəşkəs bizim baxımdan qorunacaq və hər iki tərəf arasında ünsiyyətdə etimad gücləndirici tədbirlər görülür. Hər hansı bir pozuntu baş verərsə, verəcəyimiz cavab bəllidir. Cavab tədbirləri yalnız atəşkəs rejiminin pozulduğu postlar və mövqelərə yönəlir. Biz heç vaxt mülki insanları və mülki infrastrukturu hədəf almırıq”.
Xatırladaq ki, bundan əvvəl Pakistan və Hindistan mediasında iki ölkə arasında atəşkəs razılaşmasının mayın 18-də başa çatması barədə iddia yayılmışdı.
Politoloq Samir Hümbətov Sherg.az-a söyləyib ki, Pakistan və Hindistan arasında əldə olunan atəşkəs razılaşmasının uzunmüddətli olacağı real görünmür:
"Hər halda hər iki dövlət geri addım atmaq istəmir. Əslində həm Hindistan, həm də Pakistanın razılığı ilə beynəlxalq səviyyədə referendum keçirilərək ortaq qərar alına bilər. Nəzər salaq ki, Pakistan və Hindistan 1947-ci il 14 avqustda müstəqillik əldə edib ayrıldılar. O zaman Kəşmordəmi əhalinin əksər hissəsi müsəlman olduğu üçün Pakistanı seçmişdilər. BMT-nin nizamnaməsinə görə, hər bir xalq öz müqəddəs dəyişmək hüququna malikdir. Ümumiyyətlə münaqişənin tam həlli çətin məsələdir. Digər tərəfdən Hindistan özbaşına hərəkət etmir. Odur ki, daha əvvəl olduğu kimi bundan sonra da kənar güclərin təsiri ilə atəşkəsi pozması mümkündür. Hindistan daxilində Modi hökumətinin nüfuzu aşağı düşərsə, müharibə yenidən qızışdırıla bilər".