Tural İrfan: “Ərdoğanın Qarabağ səfəri Bakı-Ankara birliyinin sarsılmazlığını göstərdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Azərbaycana səfər edib. Prezident İlham Əliyevin dəvəti ilə Qarabağa gələn Türkiyə liderinin Zəfər bayramı tədbirlərində iştirakı iki ölkə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürüdür. Ərdoğanın Azərbaycanın tarixi Zəfərinin qeyd olunduğu gündə Qarabağda olması həm də Türkiyənin ölkəmizə siyasi dəstəyinin rəmzi ifadəsi kimi diqqət çəkir.

 Səfər həm Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Türkiyənin dəstəyinin ifadəsi, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan siyasi mesajdır. Bu səfər iki ölkə arasında hərbi, müdafiə sənayesi, enerji, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr Zəfər Gününün 6-cı ildönümündə Qarabağa, Şuşa və Xankəndiyə rəsmi səfəri həm iki ölkə arasındakı müttəfiqlik, həm də regionun gələcək arxitekturası baxımından çoxşaxəli siyasi və geosiyasi əhəmiyyət kəsb edir:

“Səfərin daşıdığı əsas siyasi və geosiyasi əhəmiyyət, eləcə də regiona verdiyi bir sıra mesajlar var. Səfər ərəfəsində bəzi türkiyəli rəsmilərin Azərbaycandakı məktəbli forması qaydalarını tənqid etməsi və Prezident İlham Əliyevin Oktyabrın sonundakı Türk Dövlətləri Təşkilatının Ankara sammitinə qatılmaması fonunda media və beynəlxalq analitiklər tərəfindən Bakı-Ankara xəttində soyuqluq iddiaları irəli sürülmüşdü. Ərdoğanın Zəfər Günündə şəxsən Şuşaya gəlməsi və liderlərin, münasibətlərimizə heç kimin müdaxilə etməsinə icazə verməyəcəyik bəyanatları bu gərginlik iddialarını tamamilə sıfırladı. Ərdoğanın "Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrdən qat-qat dərindir" ifadəsi iki dövlətin Şuşa Bəyannaməsi ilə rəsmiləşən hərbi-siyasi müttəfiqliyinin konyuktur dəyişikliklərdən asılı olmadığını bir daha nümayiş etdirdi. Türkiyə lideri bəyan etdi ki, Azərbaycanın öz torpaqlarını azad etməsi Cənubi Qafqazda yeni bir dövr açıb. Bu səfər regionda sülh və status-kvonun əsas təminatçılarının Bakı və Ankara olduğunu göstərir. Səfər həm də Ermənistana və onun arxasında duran qərbli havadarlara mesajdır. Yəni, regionda revanşizm cəhdlərinin heç bir perspektivi yoxdur”.

T. İrfan qeyd edib ki, Türkiyə regionda qalıcı sülhün əldə olunması prosesində Azərbaycanın atdığı addımları tam dəstəklədiyini bir daha bəyan edib:

“ İki liderin Qarabağda strateji müzakirələri, regionun logistik inteqrasiyası, xüsusilə Zəngəzur dəhlizi çərçivəsində regional kommunikasiyaların açılması və Türk dünyasının coğrafi cəhətdən birləşməsi hədəflərinə sadiqliyi gücləndirir. Ərdoğanın Şuşada səsləndirdiyi "Qarabağ Zəfəri bütün Türk dünyasının qürurudur" ifadəsi, bu qələbənin təkcə Azərbaycanın deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatının ortaq geosiyasi uğuru olaraq qəbul edildiyini göstərir. Türkiyə Prezidentinin Füzuliyə enərək Şuşa və Xankəndini ziyarət etməsi, Xocalı Soyqırımı Memorialını ziyarət proqramı həm də keçmiş köçkün torpaqlarının sürətli dirçəlişinə Türkiyənin verdiyi böyük iqtisadi və mənəvi dəstəyin simvoludur. Ümumiyyətlə bu səfər "Bir millət, iki dövlət" prinsipinin sadəcə şüar olmadığını, ən kritik regional proseslərdə vahid güc mərkəzi kimi çıxış edildiyini dünyaya bəyan edən strateji bir gedişdir”.