Monakoda iyunun 29-da baş vermiş və ukraynalı oliqarx Vadim Yermolayev də daxil olmaqla üç nəfərin yaralanmasına səbəb olan partlayışın əsas şübhəlisi Ukraynanın paytaxtı Kiyevdə ölü tapılıb.
Axar.az xəbər verir ki, güllələnərək öldürüldüyü bildirilən qadının Ukraynaya qayıtdıqdan sonra əlaqə saxladığı iki nəfər saxlanılıb. İstintaqın məlumatına əsasən, onlardan biri keçmiş polis əməkdaşı, digəri isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşıdır.
Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, saxlanılan şəxslər əvvəllər şübhəliyə bank hesabları və kriptovalyuta hesabları vasitəsilə pul köçürüblər.
Xatırladaq ki, iyunun 29-da Anastasiya Berezovska kişi qiyafəsində Monakoda yaşayış binasının girişinə partlayıcı qurğu yerləşdirərkən müşahidə kameraları tərəfindən qeydə alınıb. İstintaqın versiyasına görə, o, Vadim Yermolayev, onun həyat yoldaşı və 13 yaşlı uşaq binanın qarşısından keçərkən uzaqdan detonatoru işə salıb.