Top HƏMAS tərəfindədir
Onun bu plana müsbət cavabı Qəzzada atəşkəs rejiminin təmin olunmasına şərait yaradacaq
ABŞ-nin keçmiş prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlik Qəzza planı bölgədə sülh üçün yeni imkanlar yaradır. Plan əsirlərin mübadiləsi, humanitar yardımların bərpası, HƏMAS-ın silahsızlaşdırılması və Fələstin komitəsinin yaradılmasını nəzərdə tutur. Lakin əsas maneə HƏMAS-ın razılığıdır.
“Axios” portalının məlumatına görə, Misir, Qətər və Türkiyə HƏMAS-ı bu plana razı salmağa çalışır. Qətərin Baş naziri və Misirin kəşfiyyat rəhbəri Dohada HƏMAS liderləri ilə görüşərək onları planı qəbul etməyə çağırıblar. HƏMAS təklifləri “vicdanla araşdıracağını” bildirib. Qətər Baş naziri HƏMAS-a bildirib ki, daha əlverişli şərtlər əldə etmək mümkün deyil və Tramp döyüşlərə son qoymaq istəyir.
Bu səylər göstərir ki, regional aktorlar müharibənin bitməsi üçün ortaq mövqedən çıxış edirlər. HƏMAS-ın qərarı isə yalnız Qəzzanın deyil, bütövlükdə Fələstinin gələcəyini müəyyən edə bilər.
Politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında Trampın açıqladığı 20 maddəlik plandan söz açıb:
"Bir neçə gün öncə Benyamin Netanyahunun Donald Trampla Ağ Evdəki görüşündə Tramp Qəzzada atəşkəslə bağlı 20 maddəlik planı açıqladı. Həmin planda bir sıra vacib məqamlar yer alır. O cümlədən 72 saat ərzində 48 əsirin mübadiləsinin baş tutması nəzərdə tutulur. Bu 48 əsirdən 20-si canlı qaytarılacaq, qalanlarının isə cəsədləri geri veriləcək. Eyni zamanda İsraildə həbsxanalarda olan təxminən 2000 məhbus qarşı tərəfə verilməlidir. Qısa müddətdə humanitar yardımların bərpası da plana daxildir. Plana görə, Qəzzada texnokratik Fələstin komitəsi yaradılacaq və ona beynəlxalq sülh idarəsi nəzarət edəcək. Bu idarənin rəhbəri Tramp özü olacaq. Eyni zamanda Qəzzaya beynəlxalq sabitləşdirici qüvvələr daxil olacaq. Onların əsas məqsədi Qəzzanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, İsrail qoşunları müəyyən qədər geri çəkilməsi və atəşkəs rejiminin təmin olunmasıdır. Planda Qəzzanın bərpası və yenidənqurulması məsələləri də yer alır. HƏMAS-ın silahı yerə qoyması, onların infrastrukturunun,tunellərinin ləğv edilməsi, Qəzzanın terror olmayan, təhlükəsiz yerə çevrilməsi nəzərdə tutulur".
Ekspert bildirib ki, əsas problem HƏMAS-ın bu plana razılaşmayacağı ehtimalının yüksək olmasıdır:
"HƏMAS üzərinə böyük təzyiqlər göstərilir. Söhbət yalnız ABŞ və İsraildən getmir. HƏMAS-ın ərəb tərəfdaşları, xüsusən Qətər və Misir də bu planın həyata keçirilməsinə nail olmaq istəyirlər. Əgər HƏMAS bu plana da “yox” deyərsə, vəziyyəti daha da çətinləşdirə bilər. O həm ərəb dəstəkçilərini itirə, həm də İsrailin əməliyyatlarının genişlənməsinə səbəb ola bilər.
İsrail bu gün Qəzzada genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Tramp bildirdi ki, əgər HƏMAS planı qəbul etməsə, o, İsrailə əməliyyatlarını davam etdirməsi üçün tam yaşıl işıq verəcək. HƏMAS üçün qənaətbəxş olmayan məqamlardan biri onların tam şəkildə silahsızlanması və ləğv edilməsidir. Digər problem isə İsrail ordusunun tam çıxarılmasının planda dəqiq müəyyən edilməməsidir. Planda İsrail ordusunun geri çəkiləcəyi qeyd olunur, amma tam şəkildə nə vaxt geri çəkiləcəyi göstərilmir. Bu da məsələnin mürəkkəbliyini artırır.
Maddələrdən birinə görə, HƏMAS Fələstində idarəçilikdə heç bir rol almayacaq. Hətta İordan çayının qərbində hakimiyyətdə olan Fələstin hökuməti də HƏMAS üçün qənaətbəxş nəticə deyil. Lakin planın Fələstin xalqının gələcəyi baxımından böyük əhəmiyyəti vardır".
Analitik HƏMAS-ın çətin dilemma ilə üzləşdiyini söyləyib:
"Əgər o, həqiqətən də Fələstin xalqını düşünən təşkilatdırsa, planla razılaşmalıdır. Razılaşmasa, gələcəyi daha da çətinləşəcək, çünki ərəb dəstəkçiləri onun yanında olmaya bilər. Top HƏMAS tərəfindədir. Onun bu plana müsbət cavabı Qəzzada atəşkəs rejiminin təmin olunmasına şərait yaradacaq".